Xəzər Xəbər

Bakıda 2 dostdan DƏHŞƏTLİ HƏRƏKƏT: içdilər, rus kişinin yanına gəldilər, sonra...

Hadisə | 16:18 • 15 May 2018
Bakıda 2 dostdan DƏHŞƏTLİ HƏRƏKƏT:

Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən Şahlar Novruzov və Rövşən Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

XəzərXəbər-in məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, ötən il iyunun 27-də, gecə saat 02.00-da Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum 2 nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetiriblər.

Mənzildən təmir-tikinti alətləri və bir ədəd "DVD player” götürərək hadisə yerindən qaçıblar. İqor Vasin xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar.

Hər iki şəxs İqor Vasini döyən zaman evdəki elektrik sobası aşıb. Bu səbəbdən cinayəti törətməkdə şübhəli bilinən şəxslər hadisə yerindən qaçandan sonra mənzildə yanğın baş verib.

Rəsmi məlumata görə, İqor Vasin xəstəxanaya yerləşdirildikdən bir müddət sonra evə buraxılmasını tələb edib. Lakin həkimlər onun yaralarının ciddi olduğunu deyib və İqor Vasini evə buraxmayıb. İqor Vasin isə xəstəxananın pəncərəsindən özünü yerə atıb və ölüb.

Bu səbəbdən hər iki təqsirləndirilən şəxsə qəsdən adam öldürmə ittihamı verilməyib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilirlər.

Məhkəmədə elan olunmuş ittiham üzrə hər iki şəxs özlərini təqsirli biliblər.

Daha sonra təqsirləndirilən Şahlar Novruzov sərbəst ifadə verib. O deyib ki, hadisə günü axşam işdən qaydanda Rövşən Məmmədovla mağazanın yanında spirtli içki içiblər: "Bir nəfər yaxınlaşdı ki, bizlə içsin, onunla razı olmadıq. Bu zaman həmin şəxs bizi söydü, sonra getdi. Rövşənlə içməyə davam etdik, sonra həmin adamın evinə getdik. Qapını döydük və o, çölə çıxdı. Nəyə görə bizi söydüyünü soruşduq. O, yenə bizi söyməyə başladı. Onu yumruqla vurduq və qapının ağzında olan çantanı götürüb oradan uzaqlaşdıq. Evin yanması barədə heç nə deyə bilmərəm. Biz evə girməmişik, onunla həyətdə dava etmişik. Evdən aralanan kimi polis gəlib məni tutdu. Bu zaman Rövşəni yanımda görmədim”.

Daha sonra digər təqsirləndirilən Rövşən Məmmədov və zərərçəkmişin hüquqi varisi ifadə veriblər.

Növbəti proses mayın 22-də davam edəcək.

Xəbər lenti