173 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TF 379 Dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda yanğın hadisəsi olub.
Bakı Nəqliyyat Agentliyindən
XəzərXəbər-ə verilən məlumata görə, hadisə vaxtı sərnişinlər dərhal avtobusu tərk
etdiyindən xəsarət alan olmayıb. İlkin məlumata görə, yanğın avtobusun
mühərrik hissəsindəki texniki nasazlıq səbəbindən baş verib.
Bildirilib ki, 173 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti "3 nömrəli Bakı
Avtonəqliyyat Müəssisəsi” MMC tərəfindən göstərilir. İstehsalat
bazasına malik olmasına baxmayaraq müəssisənin nəqliyyat vasitələri
sərnişindaşıma tələblərinə cavab vermir. Həmçinin bazada avtobusların
təmiri, gündəlik texniki baxışla bağlı məsələlər düzgün yerinə
yetirilmir. Qeyd edilən nöqsanlarla xüsusən də avtobuslarının texniki
baxımdan yararsız olması ilə bağlı Bakı Nəqliyyat Agentliyi dəfələrlə "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-yə xəbərdarlıqlar edib.
Sərnişindaşıma
fəaliyyətinə səhlənkar münasibət sərnişinləri də ciddi narahat edir və
gün ərzində 141 Çağrı Mərkəzinə "3 nömrəli Bakı
Avtonəqliyyat Müəssisəsi” MMC-nin istismarında olan marşrut xətləri
üzrə çoxsaylı şikayətlər daxil olur. Bu səbəbdən də son bir ildə bir
neçə marşrut xəttinin istismarına dair bu müəssisə ilə imzalanan
müqaviləyə xitam verilib. Buna baxmayaraq müəssisə tərəfindən
avtobusların əsaslı təmir edilərək saz vəziyyətə gətirilməsi
istiqamətində heç bir təsirli tədbir görülməyib.
Qeyd edilib ki,
BNA-nın avtobusların yenilənməsi ilə bağlı tələbinə əsasən son bir ildə
müxtəlif daşıyıcılar tərəfindən 800 ədəddən artıq avtobus təmir edilərək
xəttə buraxılıb.
Bildirilir ki, sərnişinlərin təhlükəsizliyi və rahatlığı Bakı
Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdəndir. Sərnişinlərin
təhlükəsizliyi ilə bağlı qoyulan tələblərə əməl etməyən, bu işdə
səhlənkarlığa yol verən şəxslər marşrut şəbəkəsindən kənarlaşdırılacaq.