Daxili işlər orqanları cəmiyyətə
açıqca hörmətsizlik ifadə edən, ictimai asayişi kobud surətdə pozan,
üzərlərində qanunsuz olaraq silah saxlayan şəxslərin müəyyən edilərək
qanunla məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat
tədbiri tədbiri həyata keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
XəzərXəbər-ə verilən məlumata görə, sentyabrın 11-də Sumqayıt şəhəri ərazisində
şəxsiyyəti məlum olmayan 2 nəfərin xuliqanlıq zəminində şəhər sakini
Mirmehdi Cəfərovu döyüb xəsarət yetirdikləri, daha sonra isə onun evinə
hücum edərək tapança ilə hədələdikləri barədə Sumqayıt Şəhər Polis
İdarəsinə (ŞPİ) məlumat daxil olub.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz
əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin şəhər sakinləri Anar
Tağızadə və Qabil Əliyev tərəfindən törədildiyi müəyyən edilib və həmin
şəxslər saxlanılaraq istintaqa təqdim olunub.
A.Tağızadənin idarə etdiyi avtomobilə baxış zamanı hadisə zamanı
istifadə etdiyi 1 ədəd pnevmatik, həmçinin əlavə olaraq 1 ədəd idman
tapançası aşkar olunaraq götürülüb.
İlkin ifadəsi zamanı A.Tağızadə zərərçəkən şəxsin onun ailə üzvlərindən
birinin ünvanına nəlayiq ifadələr işlətdiyinə görə tanışı Q.Əliyevlə
birlikdə onu döydüyünü və silahla evinə hücum etdiyini etiraf edib.
Qeyd edilən faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq
Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi
başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.