Xəzər Xəbər

Azərbaycanda ən çox qəza Bakı-Ələt yolunda baş verir

Hadisə | 15:14 • 9 Sentyabr 2017
Azərbaycanda ən çox qəza Bakı-Ələt yolunda baş verir

Azərbaycanda ən çox avtomobil qəzası Bakı-Ələt yolunda müşahidə olunur. Ən intensiv hərəkət bu yolda olduğundan, orada qəzaların baş vermə ehtimalı həmişə var.

Bunu virtualaz.org-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ölkə ərazisində ən çox yol-nəqliyyat hadisəsi baş verən yollarla bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, həm Bakı-Qazax yolu, həm Bakı-Astara yolu buradan keçdiyindən, yolda həmişə hərəkət intensivliyi müşahidə olunur.

"Qəza bütün rayonlarda, bütün ərazilərdə, hətta gözlənilməyən yerdə hər hansı səbəbdən baş verir. İntensiv hərəkət olan yollarda isə daha çox olur. Günün istənilən vaxtı Bakı-Ələt yolunda hərəkət intensivliyi digər yollarla müqayisədə daha çox olur. Yük maşınlarının 90-95 faizi, marşrut avtobuslarının hamısı bu yoldan gedir. Buna görə də, orada qəza baş vermə ehtimalı həmişə var. Amma bu yolda qarşılıqlı toqquşma ehtimalı çox azdır. Çünki orada əksər yollar iki tərəflidir. Bu yolda qəzaların çoxu maneəvurma, arxadan toqquşma, manevr qaydalarının pozulması səbəbindən baş verir”, - deyə şöbə rəisi qeyd edib.

K.Əliyev bildirib ki, qarşılqılı hərəkət olan yollarda da qəzalara çox rast gəlinir. Bunlardan biri də Bakı-Şamaxı yoludur. Amma son vaxtlar polis əməkdaşlarının xidmət aparması səbəbindən bu yolda demək olar ki, ağır qəza baş verməyib.

"Bəzən sürücülər Bakı-Şamaxı yolunda polis əməkdaşlarının çox olmasından, bəzi hissələrdə ötmə əməliyyatlarının qadağan olunmasından narazılıq edirlər, Relyefdən, yol şəraitindən asılı olaraq orada elə hərəkət təşkil olunub ki, yol qəzalarının qarşısı alınsın. Hələ ki, orada iki tərəfli yolun təmir-tikinti işləri gedir. Təmir yekunlaşandan sonra orada nəqliyyat vasitələrinin hərəkət sürəti bir qədər də artırılacaq”, - deyə şöbə rəisi bildirib.

Xəbər lenti