Xəzər Xəbər

Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etmir

Gündəm | 17:24 • 31 Oktyabr 2020
Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etmir

Sentyabrın 27-dən etibarən Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi təcavüzə cavab olaraq özünü müdafiə hüququ əsasında və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücum əməliyyatlarına başlayıb.


Azərbaycan tərəfi bu günlərdə dəfələrlə bütün beynəlxalq müstəvilərdə bəyan edib ki, məhz Ermənistanın 30 ilə yaxın davam edən təcavüzkar siyasəti, onun silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərində qeyri-qanuni mövcudluğu və Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan tərəfindən həyata keçirilən qanunsuz fəaliyyətlər nəinki ölkəmizə, bütün bölgəyə ciddi təhdid təşkil edir. Mövcud cəzasızlıq mühitində olan Ermənistan öz təcavüzkar fəaliyyətini davam etdirərək sentyabrın 27-də yeni işğala əl atdı. Ermənistanın həyata keçirdiyi yeni təcavüz bilavasitə beynəlxalq hüququn fundamental prinsiplərinin, eləcə də beynəlxalq humanitar hüquq və bu hüquq çərçivəsində Ermənistanın üzərinə götürdüyü öhdəliklərin, həmçinin 1949-cui il Cenevrə Konvensiyalarının və onun Əlavə protokollarının kobud şəkildə pozulmasıdır.


Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva oktyabrın 31-də keçirilən mətbuat konfransında söyləyib.


Leyla Abdullayeva bildirib: "Ermənistanın yeni təxribatları çərçivəsində Azərbaycanın mülki əhalisinə qarşı çoxsaylı cinayətlər törədilib. Azərbaycan Ordusunun qüdrəti qarşısında acizliyini görən Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini, cəbhədən xeyli uzaqda yerləşən şəhərlərimizi, yaşayış məntəqələrini hədəfə alıb, onlara qarşı qadağan olunan silahlardan istifadə edib. Nəticədə Azərbaycanın mülki əhalisi arasında ciddi itkilər baş verib. Azərbaycan Silahlı Qüvvələri isə sentyabrın 27-dən başladığı əks-həmləsini beynəlxalq humanitar hüququn bütün normaları çərçivəsində həyata keçirir”.


Mətbuat xidməti idarəsinin rəisi bildirib ki, Ermənistan Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə 3 dəfə elan olunan humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanın Gəncə, Bərdə, Tərtər, Ağcabədi şəhər və rayonlarını, eləcə də digər yaşayış məntəqələrini raket və artilleriya atəşinə tutub. Bütün bunlar göstərir ki, Ermənistan özünün üzərinə götürdüyü öhdəliklərinə, vədlərinə, eləcə də beynəlxalq vasitəçilərin əməyinə və səylərinə hörmətsizlik nümayiş etdirir.

Xəbər lenti