Xəzər Xəbər

Millət vəkilindən çağırış - Bayramda bunu etməyin

Gündəm | 16:24 • 23 May 2020
Millət vəkilindən çağırış -

Əgər biz qoyulan qaydalara əməl etməsək, bayramı toplu halda qeyd etsək, ziyarətlər təşkil etsək, şübhəsiz ki, yoluxmalar daha da artacaq.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, koronavirusla mübarizədə Azərbaycan artıq post-karantin dövrünə başlayıb və post-karantin dövrünə məhdudiyyətlərin bir qədər yumşaldılması təəssüflər olsun ki, vətəndaşlarımız tərəfindən məsuliyyət hissinin azaldılması ilə müşahidə olunur.

Deputatın sözlərinə görə, son zamanlar yoluxmaların sayında artım müşahidə olunub:

"Bu, hər birimizi narahat etməlidir və düşündürməlidir. Zərərli meyillərdən biri də sosial şəbəkələrdə bəzi insanların "koronavirus epidemiyası yoxdur, bu, siyasi oyundur, bundan qorxmağa ehtiyac yoxdur” kimi düşmən cəbhəsinə xidmət edən çağırışların olmasıdır. Bu çağırışlar olduqca təhlükəlidir və insanları birbaşa xəstəliklə üz-üzə qoymağa, virusa yoluxdurmağa yönələn bir addımdır.

Hesab edirəm ki, biz bununla mübarizə aparmalıyıq, maarifçilik tədbirləri görməliyik, qınamalıyıq və eyni zamanda qanunvericilik səviyyəsində bu məsələni müzakirə etməliyik. İnsanları bu cür yanlış məlumatlandırmağa görə inzibati və cinayət məsuliyyəti ilə cəzalandırmaq haqqında düşünməliyik.

Digər bir məsələ bayram günlərində insanların daha sərbəst şəkildə toplaşması ilə bağlı çağırışlardır. Bunlar da doğru olmayan çağırışlardır və hər bir vətəndaşımız anlamalıdır ki, dövlət onların sağlamlığı üçün hər şeyi edir. Unutmayaq ki, koronavirusa qalib gəlmək hələ dünyanın heç bir ölkəsində mümkün olmayıb. Bu virusun tam dərmanı və ya vaksini tapılana qədər qoyulan qaydalara əməl etməliyik”.

Xəbər lenti