Xəzər Xəbər

Baş konsul: Türkiyədəki soydaşlarımızın Azərbaycana gətirilməsi ölkə rəhbərliyinin nəzarətindədir

Gündəm | 08:45 • 16 Mart 2020
Baş konsul: Türkiyədəki soydaşlarımızın Azərbaycana gətirilməsi ölkə rəhbərliyinin nəzarətindədir

Azərbaycan-Türkiyə arasında hava və quru nəqliyyatı hərəkətinin müvəqqəti dayandırılması qərarından sonra Türkiyədən soydaşlarımızın vətənə gətirilməsi ilə əlaqədar işlər davam etdirilir. Türkiyədəki soydaşlarımızın Azərbaycana gətirilməsi ölkə rəhbərliyinin nəzarətindədir. Artıq martın 15-də "Azərbaycan Hava Yolları”nın çarter reysi vasitəsilə 242 vətəndaşımız İstanbul hava limanından ölkəyə yola salınıb.

Bu barədə AZƏRTAC-a açıqlamasında ölkəmizin İstanbuldaki baş konsulu Məsim Hacıyev bildirib.

Yeni növ koronavirusun dünya miqyasında yayılmasını nəzərə alaraq, ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan tapşırıqların tam və çevik şəkildə bundan sonra da icra olunacağını bildirən baş konsul deyib: "Qardaş ölkədə olan və Azərbaycana qayıtmaq istəyən soydaşlarımızın ölkəmizə gətirilməsi işləri ən qısa müddət ərzində tamamlanacaq. Ölkəmizə geri dönüşlə bağlı vətəndaşlarımız arasında heç bir narahatçılıq və təşvişə gərək yoxdur”.


Xəbər lenti