İsveçrənin Sankt-Moritz şəhərində Qar polosu üzrə Dünya Kuboku turniri başa çatıb.
XəzərXəbər xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə çempionatda iştirak edən "Land of Fire” komandası Avropa tamaşaçılarına Polonun vətəni Azərbaycanın atçılıq ənənələrini, Odlar Yurdunun füsunkar təbiətə, qədim mədəniyyətə malik olmaqla yanaşı, güclü idmançılar diyarı olmasını nümayiş etdirib.
25 yanvar 2020-ci il tarixində Azərbaycan komandası "St. Moritz” komandası ilə qarşılaşıb. Çox gərgin şəraitdə keçən görüşdə təmsilçimiz böyük qələbə əzmi nümayiş etdirib və rəqib idmançıların şiddətli müqaviməti ilə üzləşib. Qarşılaşmanın yekunu olaraq "Land of Fire” komandası finala vəsiqə qazanıb.
Günün ikinci oyununda "Mazerati” komandası "Badrutt’s Palace Hotel” komandasına qalib gəlib.
Proqrama uyğun olaraq 26 yanvarda turnirin üçüncüsünün müəyyən olunması üçün "Mazerati” və "Badrutt’s Palace Hotel” komandaları qarşılaşıb. Bu görüşdə "Mazerati” komandası öz rəqibindən üstün olub.
Ölkəmizi təmsil edən "Land of Fire” komandası final görüşündə turnirin ən güclü komandası sayılan "St. Moritz” ilə qarşılaşıb. Gərgin və kompromissiz mübarizə şəraitində keçən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. Beləliklə də, təmsilçimiz turnirin ikincisi olub.
Final görüşündən sonra qaliblərin mükafatlandırılması mərasimi baş tutub. Eyni zamanda, turnirin ən yaxşı oyunçusu, ən yaxşı komandası və ən yaxşı atı nominasiyaları üzrə mükafatlar və hədiyyələr təqdim olunub.
Beynəlxalq Polo Federasiyasının təşkilatçılığı ilə "13-cü Polo üzrə Avropa Çempionatı” 10-20 sentyabrda Bakı şəhərində baş tutacaq.