Xəzər Xəbər

Əli Əhmədov: 20 Yanvar faciəsini törədənlərin heç biri bu günə qədər cəzalarını almayıb

Gündəm | 14:17 • 18 Yanvar 2020
Əli Əhmədov: 20 Yanvar faciəsini törədənlərin heç biri bu günə qədər cəzalarını almayıb

20 yanvar faciəsi sadəcə olaraq Azərbaycan xalqının başına gətirilən faciə deyildi, bu, xalqımıza qarşı törədilən qanlı cinayət idi.

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov  deyib.

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Yeni Azərbaycan Partiyasında keçirilən anım tədbirində çıxış edən Ə.Əhmədov bildirib ki, bu cinayəti törədənlər də o zamankı sovet imperiyasının rəhbərliyində olanlar idi: "Tarixdə törədilən cinayətlərə görə cavab verilməməsi hallarına demək olar ki, rast gəlmək mümkün deyil. 20 Yanvar faciəsi yeganə haldır ki, bunu törədənlərin heç biri bu günə qədər cəzalarını almayıb, həm bu qırğının törədilməsinə əmr verənlər, həm də onu icra edənlər.

Azərbaycan xaqının ümummilli lideri Heydər Əliyev faciənin törədilməsinin növbəti günündə baş verənlərin əsl baiskarı və səbəbkarını, o zamanlar Sovet İttifaqına rəhbərlik edən Qorbaçovu ciddi şəkildə ittiham etdi və bu faciəyə hüquqi-siyasi qiymət verilməsi tələbini irəli sürdü. Hesab edirəm ki, biz 30 il bundan əvvəl törədilən faciəni sadəcə olaraq Azərbaycan tarixinin hüzn günü kimi qeyd etməli deyilik. Bu, Azərbaycan xalqının öz azadlığı uğrunda mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir. 30 il ötüb, bu gün Azərbaycan müstəqil dövlətdir, həmin faciə törədiləndən təqribən bir il sonra sovet hakimiyyəti çökdü və Azərbaycan da öz müstəqilliyinə qovuşmuş oldu.

Bu gün ayrıca olaraq vurğulayırıq ki, Azərbaycanın müstəqillik qazanmasında, öz müstəqil inkişaf yolunu seçməsində 20 Yanvar faciəsi zamanı öz canlarını qurban vermiş şəhidlərimizin böyük rolu var. Azərbaycan xalqı 20 yanvar faciəsini və onun qurbanlarını heç zaman unutmur, unutmayacaq”.

Daha sonra tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, 1990-cı il 20 Yanvar hadisələri sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi misli görünməmiş hərbi təcavüz, insanlığa qarşı törədilmiş ən ağır cinayətdir.

Xəbər lenti