Xəzər Xəbər

İlham Əliyev: Bizim həyata keçirdiyimiz layihələri həm Rusiyada, həm də Azərbaycanda dəstəkləyirlər

Gündəm | 11:43 • 31 Dekabr 2019
İlham Əliyev:

Bizim həyata keçirdiyimiz layihələri həm Rusiyada, həm də Azərbaycanda dəstəkləyirlər.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının "Rossiya-24" televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib: "Bizim və ya Rusiyanın həyata keçirdiyi enerji layihələri məsələsi heç vaxt hər hansı ciddi diskussiyaların mövzusu olmayıb. Yəni, mənim fikrimcə, bizim həyata keçirdiyimiz layihələri həm Rusiyada, həm də Azərbaycanda dəstəkləyirlər.

"Türk axını” layihəsinə gəldikdə, bu layihənin həm Rusiya üçün, həm də Türkiyə üçün nə dərəcədə vacib olduğunu bilirik. Hər iki ölkə bizim yaxın tərəfdaşlarımızdır. Buna görə də biz bu layihəni lap əvvəldən dəstəkləmişik.

Azərbaycan qazının Avropa bazarına çıxması məsələsinə gəldikdə, Cənub Qaz Dəhlizi layihəsi həyata keçiriləndən sonra Avropa bazarına ildə 10 milyard kubmetr qaz göndəriləcək. Rusiyadan göndərilən həcm ilə müqayisədə, - dəqiq rəqəm yadımda deyil, lakin ayrı-ayrı illər üzrə təxminən 150-170 milyard kubmetrdir, - bu, çox kiçik həcmdir. Ona görə də Cənub Qaz Dəhlizi layihəsi, əlbəttə, əsla rəqib deyil. Biz də bunu heç vaxt belə hesab etməmişik. Sadəcə, bu layihə Azərbaycana öz qaz ehtiyatlarını beynəlxalq bazarlarda satmaq imkanı verəcək. Bu dəhliz üzrə qazın bir hissəsi artıq Türkiyə bazarına çatdırılır. Bu il noyabrın sonunda TANAP layihəsi – Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Anadolu qaz kəməri artıq Yunanıstan sərhədinə çatdırılıb. Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya qədər qaz kəmərinin tikintisi də 90 faizdən çox tamamlanıb. Beləliklə, biz uzunluğu 3500 kilometr olan bu layihəni gələn il bütünlüklə istifadəyə verməyi nəzərdə tuturuq. Bu, həm də bizə hazırda işlənilmə mərhələsində olan yeni qaz yataqlarını istismara verməyə imkan yaradacaq və daha düşünməyəcəyik ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Ona görə ki, biz nəqliyyat və enerji dəhlizləri vasitəsilə artıq çoxdan həm Qara dəniz, həm də Aralıq dənizi bazarına çıxmışıq və indi, əlbəttə, Türkiyənin və Avropanın qaz bazarlarına nisbətən böyük həcmdə çıxırıq.

Düşünürəm ki, gələcəkdə biz yenə də çoxtərəfli səmərəli əməkdaşlıq çərçivəsində əvvəllər bəlkə də həyata keçirilməsi mümkünsüz görünən bir çox birgə layihələri reallaşdıra bilərik. Bu cür əməkdaşlığın örnəyi kimi mən Azərbaycan və Türkiyənin dəmir yolu xətlərini birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini misal gətirə bilərəm. Bu gün rusiyalı təchizatçılar Rusiyadan yükləri Azərbaycan ərazisi ilə Türkiyə limanlarına, ilk növbədə, Mərsinə çatdırırlar. Daha sonra Avropa ölkələrinə yüklərin limanlarda yükaşırma olmadan dəmir yolu ilə daşınması perspektivi var. Bu gün biz artıq milyonlarla tona çatacaq mümkün həcmlərdən danışırıq. Həm də biz Azərbaycanla Türkiyə arasında dəmir yolu xəttinin tikilməsi təşəbbüsünü irəli sürəndə çoxlarına elə gəlirdi ki, bu, yalnız Çin və Mərkəzi Asiyadan olan yükgöndərənlərə aid ediləcək, lakin bu gün rusiyalı yükgöndərənlər artıq yüklərini bu istiqamət üzrə daşıyırlar. Buna görə də istisna etmirəm ki, Türkiyə ərazisində cəmləşəcək bizim yaratdığımız və artıq Rusiyanın da yaratdığı mövcud qaz nəqli infrastrukturu müəyyən mərhələdə ortaq infrastruktura çevrilə bilər".

Xəbər lenti