Xəzər Xəbər

Banklar da gücləndirilmiş iş rejiminə keçir

Gündəm | 19:12 • 30 Dekabr 2019
Banklar da gücləndirilmiş iş rejiminə keçir

Dekabrın 31-dən yanvarın 6-dək bayram günləri ərzində bankların filial və şöbələri, eləcə də "Azərpoçt” MMC-nin satış nöqtələri gücləndirilmiş iş rejimində çalışacaq.

Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 22 bankın 178 satış nöqtəsi (o cümlədən 9 bank üzrə 13 satış nöqtəsi 24 saat rejimində olmaqla), "Azərpoçt” MMC-nin isə 112 şöbəsi (o cümlədən 8-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Bayram günlərində AMB tərəfindən yaradılmış bankların fəaliyyətinə nəzarət üzrə xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. İstehlakçılara fasiləsiz xidmət göstərən qaynar xətt vasitəsilə hər hansı sual və şikayətlə Mərkəzi Banka müraciət oluna bilər: koordinator: Azər Quluyev; "qaynar xətt”: (+994) 70 922 29 99.

Gücləndirilmiş iş rejimində çalışacaq bankların və "Azərpoçt” MMC-nin satış nöqtələrinin iş qrafiki cədvəldə təqdim edilir.


Xəbər lenti