Xəzər Xəbər

"8 ölkədə Azərbaycan Evi fəaliyyətə başlayacaq" – Fuad Muradov

Gündəm | 14:27 • 5 Dekabr 2019
"8 ölkədə Azərbaycan Evi fəaliyyətə başlayacaq"

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirir.

XəzərXəbər xəbər verir ki, F.Muradov dövlət komitəsinin fəaliyyətinə dair hesabat verib.

O qeyd edib ki, komitə diaspor siyasəti sahəsində fəaliyyətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır: "Bu gün 60-dan çox ölkədə müxtəlif diaspor təşkilatları fəaliyyət göstərir. 2018-ci ildə vəzifəyə təyin olunandan sonra bu sahədə fəaliyyətimizi Yol xəritəsinə uyğun olaraq qurduq. Bu gün əsas istiqamətlərdən biri diaspor təşkilatlarının birliyidir. Ona görə də DİDK bu gün koordinasiya qurumu kimi fəaliyət göstərir. Ötən müddət ərzində 11 koordinasiya şurası təsis olunub. 29 ölkədə fəaliyyət göstərən qurumlar birbaşa icma quruculuğu ilə məşğuldurlar. Hazırda bütün fəaliyyətimiz internet üzərindən qurulub. İnteraktiv xəritə yaranıb. Bu xəritə vasitəsilə hansı ölkədə hansı diaspor təşkilatının fəaliyyət göstərdiyini öyrənmək olar".

F.Muradov qeyd edib ki, ötən müddət ərzində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb: "Fondun əsas istiqaməti konkret pilot layihələri dəstəkləməkdir. İstənilən təşkilat və ya icma üzvü həmin fondda çox asanlıqla qeydiyyata düşə bilər. Digər vacib istiqamətlərdən biri Azərbaycan dilini qoruyub saxlamaqdır. Bəzi soydaşlarımız var ki, onlar ümumiyyətlə Azərbaycanda doğulmayıblar. Onların milli kimlik olaraq azərbaycan dilini qoruyub saxlaması olduqca vacibdir. Ötən müddət ərzində İsveçrənin Bern, İsveçin Stokholm, Polşanın Varşava və Fransanın Nant şəhərində "Qarabağ" adlı həftəsonu məktəblər yaradılıb".

Fuad Muradov qeyd edib ki, ümumilikdə 10 ölkədə (Almaniyada 2, Macarıstan, Gürcüstan, İspaniya, İtaliya, Türkiyə, Belçika və Polşada Azərbaycan Evi fəaliyyətə başlayıb, gələn il isə daha 8 ölkədə Azərbaycan Evi açılacaq.

Komitə sədri ötən müddət ərzində "Diaspor Tv", "Diaspor FM" və Multimedia Mərkəzi yaradıldığını vurğulayıb. O, həmçinin bildirib ki, ilk dəfə olaraq infoqrafik diaspor xəritəsi yaradılaraq açıq istifadəyə verilib. Hazırda xəritədə 48 ölkədən 538 diaspor təşkilatı haqqında informasiya yerləşdirilib.

Fuad Muradov ötən müddət ərzində Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən saytın yaradıldığını bildirib. Qeyd edib ki, DİDK-nin mobil tətbiqi işə salınıb: "Artıq komitədə istər sədrə, istərsə də texniki işçiyə kağızda nəsə yazmağa ehtiyac yoxdur. Mobil tətbiq informasiya resurslarımıza çıxışı asanlaşdırıb”.

Komitə sədri bildirib ki, DİDK xaricdə yaşayan soydaşlarımızla bağlı qanun layihəsi hazırlayıb: "Bir neçə ölkənin təcrübəsi öyrənilib. Bunlar Polşa, Gürüstan, Almaniya və Türkiyə kimi ölkələrdir. Bu gün Gürcüstanda çoxlu sayda azərbaycanlı yaşayır. Ancaq biz onları diaspor saymırıq. Onlar köklü xalqdır. Türkiyə və Qazaxıstanda yaşayanlar bizim soydaşlarımızdır. Ona görə də qanunda diaspor və soydaş anlayışlarına aydınlıq gətirilib. Yeni parlament formalaşandan sonra bu qanun layihəsi müzakirəyə çıxarılacaq”.

Xəbər lenti