Xəzər Xəbər

İƏT-ə üzv ölkələr Ermənistanın ekoloji terror siyasətinə son qoyulması üçün səylərini birləşdirməyə çağırılıb

Gündəm | 12:24 • 27 Noyabr 2019
İƏT-ə üzv ölkələr Ermənistanın ekoloji terror siyasətinə son qoyulması üçün səylərini birləşdirməyə çağırılıb

Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının 16-cı daimi sessiyası keçirilir.


Noyabrın 24-də başlayan və 28-dək davam edəcək sessiyada Azərbaycanı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvü, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı təmsil edir.


Sessiya çərçivəsində insan hüquqlarının müdafiəsi sahəsində müxtəlif problemlər, o cümlədən iqlim dəyişikliyi və ətraf mühitin qorunması insan hüquqları perspektivindən mövzusunda müzakirələr aparılıb. Aydın Səfixanlı müzakirələrdə çıxış edərək, Ermənistanın hərbi təcavüzünün Azərbaycan Respublikasının təbiətinə, bioloji müxtəlifliyinə, ümumilikdə bölgənin ekoloji durumuna ciddi ziyan vurduğunu, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara gətirib çıxardığını, bölgənin təbii ehtiyatlarının davamlı istismara məruz qaldığını söyləyib. O, hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərdə 261 min hektar meşə sahəsinin, o cümlədən qiymətli meşə sahələrinin, təbiət abidələrinin və pasportlaşmış 145 Şərq Çinarının məhv edildiyini, eyni zamanda, bu ərazilərdə Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilən müxtəlif bitki və heyvan növlərinin böyük hissəsinin, xüsusi əhəmiyyətli və mühafizə olunan təbiət ərazilərinin, habelə nadir biomüxtəliflik nümunələrinin məhv edildiyini, Azərbaycanın işğal altında saxlanılan ərazilərində 163 faydalı qazıntı yatağının, o cümlədən qızıl, civə, mis, qurğuşun, sink, daş kömür və digər sərvətlərin ermənilər tərəfindən talan edildiyini bildirib.


İştirakçısı olduğu beynəlxalq müqavilələrə əsasən öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə baxmayaraq, işğal etdiyi Azərbaycan ərazilərində ətraf mühiti və təbii sərvətləri istismar edən Ermənistanın bu siyasətini bölgənin dayanıqlı inkişaf və tərəqqisinə münasibətdə tutduğu laqeyd və qeyri-konstruktiv mövqenin bir daha bariz şəkildə nümayiş etdirdiyi toplantı iştirakçılarının diqqətinə çatdırılıb. A.Səfixanlı İƏT-in üzvü olan ölkələri Ermənistanın yürütdüyü ekoloji terror siyasətinə son qoyulması və beynəlxalq hüquq normalarına uyğun cəzalandırılması üçün səylərini birləşdirməyə çağırıb. (AZƏRTAC)

Xəbər lenti