Xəzər Xəbər

Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Gündəm | 14:21 • 7 Noyabr 2019
Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Milli Məclisdə 2020-ci il üzrə dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi başa çatıb.


Büdcə zərfinə daxil olan sənədlər bu gün Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclasında müzakirə edilib.


İclasda Milli Məclisin komitə sədrləri və deputatları ilə yanaşı, müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edib.


Müzakirələrdən sonra 2020-ci il üzrə dövlət büdcəsi zərfinə daxil olan sənədlər Milli Məclisin plenar iclasına tövsiyə edilib.


Bununla da Milli Məclisin komitələrində gələn ilin büdcə müzakirələri başa çatıb.


Qeyd edək ki, büdcə zərfinə daxil olan sənədlər noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya və İctimai birliklər və dini qurumlar komitələrinin, noyabrın 6-da isə Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Mədəniyyət, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında müzakirə edilib.


Xatırladaq ki, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat nəzərdə tutulur. Gələn ilin icmal büdcəsinin gəlirləri 27 milyard 605 milyon 300 min manat, xərcləri isə 28 milyard 192 milyon manat məbləğində proqnozlaşdırılır. (APA)

Xəbər lenti