Xəzər Xəbər

Elmar Məmmədyarov Vadim Pristayko ilə görüşüb

Gündəm | 17:34 • 5 Noyabr 2019
Elmar Məmmədyarov Vadim Pristayko ilə görüşüb

Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığının 10 illik yubileyi münasibətilə üzv ölkələrinin xarici işlər nazirlərinin Stokholmda keçirilən görüşü çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Ukrayna Xarici İşlər naziri Vadim Pristayko ilə görüşüb.


Azərbaycan Xarici İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, nazirlər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar.


Görüş zamanı ölkələr arasında bir çox sahələrdə, o cümlədən iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə mövcud olan əməkdaşlıq yüksək qiymətləndirilib. Bölgədə həyata keçirilən strateji layihələr barədə fikir mübadiləsi aparılıb.


Tərəflər Azərbaycan və Ukraynanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilib.


Sonda Nazir Elmar Məmmədyarov həmkarını Azərbaycana səfər etməyə dəvət edib.


Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər.

Xəbər lenti