Xəzər Xəbər

Səfir: Türkiyə suriyalı qaçqınlara qardaşlıq münasibəti göstərib

Gündəm | 16:09 • 21 Oktyabr 2019
Səfir: Türkiyə suriyalı qaçqınlara qardaşlıq münasibəti göstərib

Azərbaycan istər "Barış Pınarı" (Sülh çeşməsi), istərsə də bundan əvvəl Türkiyə ordusunun həyata keçirdiyi antiterror əməliyyatlarına verdiyi dəstəklə hər zaman önə çıxıb. Azərbaycan həqiqətən də bir millət, iki dövlət olduğumuzu bütün dünyaya nümayiş etdirib.


Xezerxeber.az-ın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral keçirdiyi mətbuat konfransında deyib.


O bildirib ki, Türkiyə və Azərbaycan xalqının ürəkləri hər zaman eyni döyünüb: "Bunun üçün Azərbaycan xalqına, Azərbaycan Prezidentinə təşəkkür edirik”.


Səfir qeyd edib ki, Suriyanın şimalında terrorçuların yerləşməsi və Türkiyənin buna laqeyd qalmayacağı barədə bütün dünyaya xəbərdarlıq olunub: "Uzun illərdir ki, Suriyada davam edən vətəndaş müharibəsinin ağrı və çətinliklərini bu ölkədən sonra çəkən ikinci ölkə Türkiyədir. Suriyadakı müharibədən qaçanlara ən çox Türkiyə qucaq açıb. Biz Türkiyə olaraq Suriyada sülhün bərpa olunmasını istəyir və Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik”.


Səfir deyib ki, Türkiyə 3 milyon 650 mindən çox suriyalıya qucaq açıb: "Biz onlara qardaşlığımızı göstərmişik. Türkiyə bu günə kimi suriyalı qaçqınlar üçün 40 milyard ABŞ dolları məbləğində vəsait xərcləyib. Avropa İttifaqı söz verdiyi 6 milyard avrodan yalnız 3 milyardını verib”.


E. Özoral qeyd edib ki, Türkiyə terrorla mübarizədə heç bir ölkədən kömək almayıb: "Əksinə, bəzi ölkələr mübarizə apardığımız terror təşkilatlarını silah-sursatlarla təmin edərək yardım göstərib”.

Xəbər lenti