Xəzər Xəbər

ATƏT Minsk qrupunun həmsədrləri regiona səfərləri ilə bağlı bəyanat yaydı

Gündəm | 18:18 • 17 Oktyabr 2019
ATƏT Minsk qrupunun həmsədrləri regiona səfərləri ilə bağlı bəyanat yaydı

ATƏT Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan əhalisinin sülhə hazırlanması və gərginliyin azaldılması üzrə təhlükəsizlik və humanitar tədbirlərin icra olunması prespektivlərini alqışlayır.

Bu barədə ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin regiona səfərlərinin yekunlarına dair bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, həmsədrlər oktyabrın 15-də Yerevanda Ermənistan baş naziri Nikol Paşinyan, oktyabrın 17-də isə Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçiriblər, hər iki ölkənin paytaxtında bu ölkələrin xarici işlər və müdafiə nazirləri ilə məsləhətləşmələr aparıblar.

Səfər zamanı həmsədrlər Dağlıq Qarabağda bölgənin qondarma "rəhbərliyi”, Bakıda isə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri ilə də görüşüblər.

Dağlıq Qarabağda olarkən vasitəçilər Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli nümayəndəsi tərəfindən humanitar məsələlər haqqında məlumatlandırılıblar.

Bəyanatda bildirilib ki, hər iki ölkənin liderləri həmsədrlərə MDB ölkələrinin Aşqabad sammitində baş tutmuş söhbət barədə məlumat verərək, münaqişənin həlli prosesinin irəliləməsi üçün fikirlərini təqdim ediblər.

Bəyanatda o qeyd olunub ki, Azərbaycan və Ermənistan Xarici işlər nazirləri bu ilin sonunadək həmsədrlərin himayəsi ilə görüşmək niyyətini təsdiq edib. Həmsədrlər yaxın zamanlarda Vyanaya yola düşərək ATƏT-in Daimi Şurasını və Minsk qrupunun üzvlərini məlumatlandıracaq.

Xəbər lenti