Xəzər Xəbər

Ədliyyə naziri Fikrət Məmmədov: Vəkillik peşəsi Azərbaycanda qədim və zəngin köklərə malikdir

Gündəm | 12:47 • 4 Oktyabr 2019
Ədliyyə naziri Fikrət Məmmədov:

Vəkillik peşəsi Azərbaycanda qədim və zəngin köklərə malikdir.

Bunu oktyabrın 4-də Ədliyyə naziri Fikrət Məmmədov Bakıda keçirilən "Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.

Nazir qeyd edib ki, vəkillik xidməti müstəqil hüquq təsisatı kimi yalnız Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılıb. Məhz ölkəmiz üçün demokratik hüquqi dövlət quruculuğu yolu seçmiş Dahi Öndərin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar çərçivəsində vəkillik haqqında ilk dəfə ayrıca qanun qəbul olunub, onun müstəqil təsisat kimi inkişafına əsaslı zəmin yaradılıb.

"Bu gün məhkəmə-hüquq sistemində mühüm və əvəzsiz rolu olan vəkillik Prezident İlham Əliyevin rəhbərliyi ilə mütərəqqi islahatlar aparılmaqla təkmil bir struktura çevrilir, onun fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması naminə mühüm tədbirlər görülür. Vəkillik təsisatının böyük əhəmiyyəti nəzərə alınaraq vəkilliyin inkişafına dəstək vermək məqsədilə dövlətimizin başçısının ötən il imzaladığı Sərəncam xüsusi qeyd olunmalıdır. Vəkil təkcə təmsil etdiyi şəxslər üçün hüquqi yardım göstərmir. O, həm də ədalət mühakiməsinin həyata keçirilməsində fəal iştirak etməklə öz peşəkarlığı ilə məhkəmə fəaliyyətinin keyfiyyətinə, vahid məhkəmə təcrübəsinin formalaşmasına töhfələr verir”, - deyə Ədliyyə naziri Fikrət Məmmədov bildirib.

Xəbər lenti