Xəzər Xəbər

Əli Həsənov məktəbliləri belə təbrik etdi

Gündəm | 14:35 • 16 Sentyabr 2019
Əli Həsənov məktəbliləri belə təbrik etdi

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2019-2020-ci tədris ilinin başlanması münasibətilə şagird və valideynləri təbrik edib.

XəzərXəbər xəbər verir ki, Həsənov bu münasibətlə Facebook sosial şəbəkəsində status paylaşıb:

"Bilik bayramı və yeni dərs iliniz mübarək…

Bu gün yeni dərs ili başlandı. Birinci dəfə təhsil ocaqlarına qədəm qoyan məsum körpələrimizi qarşıda çoxsaylı yeni-yeni imkanlar, sonuncu sinfi tamamlayaraq ali məktəblərə imtahan verəcək şagirdləri isə ilk böyük həyat sınaqları gözləyir. Ulu Tanrıdan bütün Azərbaycan məktəblilərinə təhsildə və gündəlik həyatda uğurlar diləyirəm, onların valideynlərinə sağlamlıq, firəvanlıq, xoş əhval-ruhiyyə, övladları ilə münasibətdə səbr, dəyanət və fədakarlıq arzulayıram.

Ümid edirəm ki, bugünkü şagirdlərimizin içərisindən gələcəyin əsl alim və ziyalıları, görkəmli ictimai fəallar, siyasət adamları və mədəniyyət xadimləri, kreativ və təşəbbüskar idarəçilər, işğal altındakı torpaqlarımızın son qarışınadək azad etmək qüdrətində və bacarığında olan igid zabit və əsgərlər, nəhayət, milli iradəli əsl Azərbaycan vətəndaşları yetişəcəkdir. Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövləti övladlarımızın firəvan, sabit və təhlükəsiz həyat yaşamaları, ən yaxşı məktəblərdə gözəl təhsil almaları üçün hər cür şərait yaratmış və yaratmaqda davam edir. Yetişməkdə olan gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsi, gözəl təhsil alması, dünya gəncləri ilə müqayisədə rəqabətədavamlı olması dövlətimizin bu sahədə yürütdüyü siyasətin ən ali məqsədidir.

Bilik bayramınız və yeni dərs iliniz mübarək olsun, əziz şagird və müəllimlər, hörmətli valideynlər!”

Xəbər lenti