Xəzər Xəbər

Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşməsini təklif ediblər

Gündəm | 16:19 • 13 Sentyabr 2019
Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşməsini təklif ediblər

ATƏT-in Minsk qrupunun həmsədrləri Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi təklif ediblər.


APA-nın "Armenpress"ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan İrəvanda jurnalistlərə bildirib.


"Azərbaycan və Ermənistan XİN başçıları görüşə razılıq veriblər. Lakin görüşün harada, nə vaxt baş tutacağı hələlik məlum deyil. Qəbul olunmuş prinsipə görə, Azərbaycan və Ermənistan görüş barədə razılaşdırılmış qaydada, eyni vaxtda açıqlama verməlidir", - deyə A. Nağdalyan qeyd edib.


Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.


1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.


Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.


1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.


Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Xəbər lenti

Çox oxunanlar