Xəzər Xəbər

İcma sədrindən Qarabağa qanunsuz səfər edənlərə çağırış

Gündəm | 14:44 • 13 Sentyabr 2019
İcma sədrindən Qarabağa qanunsuz səfər edənlərə çağırış

Qondarma, cinayətkar, xunta rejimi hazırda Azərbaycanın işğal edilmiş ərazilərində erməni icmasını əsarət altında saxlayaraq və azərbaycanlıların ora geri dönməsini əngəlləmək məqsədiylə öz işğal nəticələrini "legitimləşdirmək” üçün müxtəlif təxribatlara əl atır.

Report xəbər verir ki, bunu "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, separatçı rejim bunun üçün qondarma seçkilər keçirir:

"Onlar bir-iki nəfər deputatı və hansısa xarici ölkənin nümayəndəsini dəvət etməklə guya beynəlxalq təşkilatların nümayəndələrinin Dağlıq Qarabağa səfər etməsindən bəhs edən şoular düzəldirlər. Amma birmənalı olaraq deyirəm ki, erməni rejiminin bu addımı təxribatdır və cinayətkar xunta rejiminin düşdüyü çıxılmaz çətin bir vəziyyətin göstəricisidir. Onların bu təxribatlarının heç bir nəticəsi olmayacaq”.

T.Gəncəliyev Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər edənlərə çağırış edib: "Təbii ki, Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər edən beynəlxalq təşkilatların və media orqanlarının nümayəndələrini çağırış edirik ki, Azərbaycanın əzəli və işğal olunmuş torpaqlarına qanunsuz səfərlər etməsinlər. Bu səfərlərin heç bir hüquqi əsası yoxdur".

Xəbər lenti