Xəzər Xəbər

Prezident İlham Əliyev bu ölkə başçılarına məktub göndərdi

Gündəm | 15:35 • 31 Avqust 2019
Prezident İlham Əliyev bu ölkə başçılarına məktub göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Şövkət Mirziyoyevə təbrik məktubu göndərib.

XəzərXəbər məktubun mətnini təqdim edir:

"Hörmətli Şövkət Miromonoviç,

Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Qardaş Özbəkistanın ictimai-siyasi həyatında baş verən mühüm dəyişikliklər, sosial-iqtisadi sahədə əldə edilən uğurlar, ölkənin beynəlxalq nüfuzunun gündən-günə artması bizi sevindirir.

İnanıram ki, Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin və strateji tərəfdaşlığının daha da möhkəmlənməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın ikitərəfli və çoxtərəfli qaydada dərinləşməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Hörmətli Şövkət Miromonoviç, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Özbəkistan xalqına daim sülh və firavanlıq diləyirəm".

***

Prezident İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Zati-aliləri xanım Zuzana Çaputovaya məktub göndərib.

Məktubun mətnini təqdim edirik:

"Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Slovakiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Slovakiya xalqına daim sülh və rifah diləyirəm”.

***

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab Nquyen Fu Çonqa məktub göndərib.

Məktubun mətnini təqdim edirik:

"Hörmətli cənab Prezident,

Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Vyetnamı xoş münasibətlər birləşdirir. Ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin, qarşılıqlı maraq kəsb edən bir sıra sahələrdə əməkdaşlığımızın zəngin ənənələri mövcuddur.

İnanıram ki, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bundan sonra da bütün sahələrdə birgə səmərəli fəaliyyətimiz üçün mühüm zəmin olacaqdır.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim sülh və rifah diləyirəm”.


Xəbər lenti