Azərbaycan ordusunun torpaqlarımızı azad etmək uğrundakı böyük ZƏFƏR YÜRÜŞÜ uzaqda deyil..!
XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün şəxsi "Facebook" səhifəsində yazıb:
Qardaş türk xalqı bu gün özünün tarixi Zəfər
bayramını qeyd edir. Bu münasibətlə bütün türk xalqını və ictimaiyyətini səmimi
qəlbdən təbrik edirəm.
30 avqust 1922-ci il Türkiyənin işğalçı qüvvələr üzərində
əldə etdiyi taleyüklü qələbənin simvoluna çevrilmiş şanlı bir zəfər tarixidir.
I Dünya müharibəsinin yekununda düçar olduğu ağır məğlubiyyətin şərtləri
altında yaşamamaq, öz dövlətçiliyinin varlığını dünyaya və işğal güclərinə qəbul
etdirmək üçün döyüş meydanında ciddi bir zəfər lazım idi. 26 avqust 1922-ci ildə
Mustafa Kamal Paşanın komandanlığı altında başladılan "Böyük Taarruz” ("Böyük
Hücum”) belə bir zəfəri təmin etdi.
Bu qələbə sübut etdi ki, türk xalqı öz gələcək müqəddəratını
işğal güclərinin ona qəbul etdirməyə çalışdıqları şərtlər, coğrafi çərçivə
daxilində deyil, özünün müəyyən etdiyi siyasi coğrafiyanın hüdudları daxilində
təyin etmək qüdrətindədir. Mustafa Kamal Paşanın sözləri ilə desək, bu qüdrət
türk xalqının damarlarından axan nəcib qanda mövcud idi. Bu qələbə hər şeydən əvvəl
milli iradənin, kuvayi-milliyeni (milli qüvvələri) bu iradə ətrafında birləşdirərək
vətən naminə səfərbər etmə əzminin nümayişi idi.
30 avqust zəfərinin nəticəsi olaraq müasir Türkiyənin
siyasi hüdudları, misaqi-milli coğrafiyası cızılmış və türk dövlətçiliyinin
yeni - respublika mərhələsi başlanmışdır.
Bizim üçün qürurverici haldır ki, I Dünya müharibəsi
illərində də- Çar Rusiyanın tərkibində olduğu zaman, Xalq Cümhuriyyətinin qısa
müddətli tarixində də, hətta müstəqilliyin yalnız nisbi atributlarına malik
olduğu sovet hakimiyyətinin ilk illərində belə Azərbaycan xalqı qardaş türk
xalqından öz köməyini əsirgəməmiş, doğma qardaşlarına gücü çatan maddi və mənəvi
yardım göstərmiş, Osmanlı ordusunun, sonra isə türk müqavimət hərəkatının
sıralarında minlərlə soydaşımız qəhrəmanlıqla döyüşmüş və həlak olmuş, müasir
Türkiyənin istiqlalı naminə canlarını fəda etmişlər. Bu mənada 30 avqust bizim
üçün həm də xalqlarımızın qardaşlıq, düşmənə qarşı birgə mübarizə əzmini özündə
əks etdirən milli yaddaş tarixi olaraq əhəmiyyətlidir.
Biz Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin
nəticəsi olaraq Azərbaycan ordusunun günü-gündən güclənərək, dünyanın ən qüdrətli
50 ordusu sırasına daxil olmasında türkiyəli qardaşlarımızın verdiyi dəstəyi həmişə
yüksək qiymətləndiririk. Şanlı ordumuz onun qarşısında qoyulan müqəddəs vəzifəni-
işğal altında olan torpaqlarımızın azad edilməsi missiyasını şərəflə yerinə
yetirmək gücündə olduğunu 2016-cı ilin aprel döyüşlərində sübut etmişdir.
İnanıram ki, müzəffər Türk ordusunun 30 avqust 1922-ci ildə "Böyük hücumu” zəfərlə başladığı kimi, Azərbaycan ordusunun da işğal altındakı torpaqlarımızı azad etmək uğrundakı böyük ZƏFƏR YÜRÜŞÜ uzaqda deyil!