Xəzər Xəbər

Fərid Şəfiyev: Ermənistan rəhbərliyi məsuliyyətsiz bəyanatları ilə öz xalqını daha böyük faciələrə aparır

Gündəm | 17:28 • 28 Avqust 2019
Fərid Şəfiyev: Ermənistan rəhbərliyi məsuliyyətsiz bəyanatları ilə öz xalqını daha böyük faciələrə aparır

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın SSRİ-nin tərkibindən çıxdığı yolla Dağlıq Qarabağın da Azərbaycanın tərkibindən çıxdığına dair iddialarını şərh edib.


Xezerxeber.az xəbər verir ki, Fərid Şəfiyev Ermənistan tərəfinin hüquqi nöqteyi-nəzərdən bu cür yanlış və əsassız fikirlər səsləndirməsinin ilk belə hal olmadığını bildirib. Mərkəzin sədri qeyd edib ki, SSRİ Konstitusiyasına əsasən yalnız 15 sovet respublikasının Sovet İttifaqından ayrılmaq hüququ var idi. Dağlıq Qarabağ isə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində muxtar region olub. Muxtar bölgələrin isə sovet Konstitusiyasında ayrılmaq hüququ yox idi.


Yerevanın dəfələrlə irəli sürdüyü iddiaya əsasən, Dağlıq Qarabağın Azərbaycandan ayrılması "Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ qanununa əsasən mümkün olub və istənilən sovet respublikası tərəfindən ayrılma prosedurunun başladılması zamanı muxtar quruluş da Sovet İttifaqında qalmaq və ya çıxmaqla bağlı müstəqil qərar qəbul etmək hüququna malik olur. Lakin Azərbaycan, o cümlədən Ermənistan və digər sovet respublikaları Sovet İttifaqını onun süqutu ilə bağlı 8 dekabr 1991-ci il tarixli Belovej razılığı əsasında tərk edib. Bununla əlaqədar olaraq yuxarıda adıçəkilən 2 aprel 1990-cı il tarixli Sovet İttifaqı qanununa istinad edilə bilməz. Belə ki, Azərbaycan, eynilə Ermənistan SSRİ-dən çıxarkən bu qanundan istifadə etməyib.


O da vurğulanmalıdır ki, Ermənistan hələ sovet dövründə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini hüquqi yolla ilhaq etmək üçün çoxsaylı cəhdlər edib və ən son olaraq 1 dekabr 1989-cu ildə edilən cəhd sovet Konstitusiyası və qanunlarının bəzi maddələrinin pozulması əsas gətirilərək mərkəzi sovet hökuməti tərəfindən ləğv edilib. Azərbaycan hökumətinin razılığı və regionun azərbaycanlı əhalisinin iştirakı olmadan 1991-ci ilin 10 dekabrında keçirilən qondarma "referendum” da qanunsuz həyata keçirilib.


Azərbaycan və Ermənistan müstəqil olduqdan sonra 1992-ci il martın 2-də BMT-yə üzv qəbul olunublar. Onların sərhədləri Azərbaycan və Ermənistan sovet respublikalarının sərhədlərini bir daha təsdiqləyən "uti possitedis” prinsipi əsasında tanınıb və orada Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi göstərilib. BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar bu statusu bir daha təsdiqləyiblər. Erməni millətçilərinin Azərbaycanın Dağlıq Qarabağ regionuna qarşı irredentist işğalçı iddialarını öz müqəddəratını təyinetmə bəhanəsi altında gizlətmək cəhdləri həm hüquqi, həm də tarixi nöqteyi-nəzərdən etibarsızdır.


"Ermənistanın hazırkı rəhbərliyi yaxşı anlamalıdır ki, onlar bir tərəfdən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin "müstəqil statusu”nu təbliğ edən, digər tərəfdən isə "Dağlıq Qarabağ Ermənistanındır” iddialarını əks etdirən məsuliyyətsiz bəyanatlarla regionu, o cümlədən öz xalqını daha böyük faciələrə aparır”, - deyə Fərid Şəfiyev bildirib.

Xəbər lenti