Xəzər Xəbər

XİN : Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır

Gündəm | 09:08 • 25 İyul 2019
XİN : Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədikləri ilə bağlı KİV-in sualını cavablandırıb.


Xezerxeber.az xəbər verir ki, mətbuat katibi deyib: "İlk növbədə nəzərə alınmalıdır ki, Ermənistan XİN-in mətbuat katibi tərəfindən qondarma "DQR" kimi təqdim edilən ərazi bu gün Ermənistan Respublikasının silahlı qüvvələrinin hərbi işğalı altında olan, beynəlxalq tanınmış Azərbaycan əraziləridir. Bunu BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələri təsdiq edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən hər hansı şəxsin birinci növbədə bu sənədlərlə tanış olması vacibdir.


Münaqişənin həlli üzrə aparılan danışıqlara Dağlıq Qarabağın erməni icmasının da daxil edilməsi məsələsi ilə bağlı dəfələrlə mövqeyimiz, həmçinin ən yüksək səviyyədə səsləndirilib. Bir daha təkrar etmək istərdik ki, danışıqlar münaqişənin birbaşa iştirakçıları-


Ermənistan ilə Azərbaycan arasında aparılır. O ki qaldı Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarına, danışıqların müəyyən mərhələsində əsas tərəflərin razılığı ilə hər iki icmanın nümayəndələri prosesə cəlb oluna bilər. Bu haqda ATƏT-in qərarı ilə tanış olmaq istəyənləri təşkilatın 1992-ci il Helsinki qərarını oxumağa dəvət edirəm.


Beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş ərazilərdən etnik təmizləməyə məruz qalaraq didərgin salınmış azərbaycanlılar öz evlərinə şərəflə geri qayıtdıqdan sonra və Dağlıq Qarabağın hər iki icmasının birgə yaşayışı təmin olunduqdan sonra Dağlıq Qarabağın statusu məsələsinə azərbaycanlı və erməni icmalar tərəfindən birgə baxıla bilər və bu barədə rəsmi Azərbaycanın mövqeyi bəllidir.


Təəssüflə qeyd etməliyəm ki, bu gün məhz işğalçı Ermənistan rəhbərliyi bir tərəfdən münaqişənin yalnız sülh yolu ilə həllindən danışıb, digər tərəfdən azərbaycanlı hərbi qulluqçuların məhv edilməsi əmrini verir.


Sözdə sülhməramlı bəyanatlar verərək, əməldə qanunsuz hərbi işğalı davam etdirən və möhkəmləndirməyə çalışan Ermənistanın əsl niyyəti hamıya bəllidir. Ermənistan tərəfi ilk dəfə deyil ki, bu kimi bəhanələrlə danışıqlarda irəliləyişin əldə edilməsinə maneçilik törədir".

Xəbər lenti