Xəzər Xəbər

Prezident İlham Əliyev Malayziyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Gündəm | 14:55 • 23 İyul 2019
Prezident İlham Əliyev Malayziyanın yeni səfirinin etimadnaməsini qəbul edib -

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yubazlan Bin Yusofun etimadnaməsini qəbul edib.


Xezerxeber.az xəbər verir ki, səfir Yubazlan Bin Yusof fəxri qarovul dəstəsinin qarşısından keçib.


Yubazlan Bin Yusof etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.


Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.


Prezident İlham Əliyev Azərbaycanla Malayziya arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirərək ölkəmizin iqtisadi, ticarət, investisiya, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. Dövlətimizin başçısı Azərbaycanla Malayziyanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bir-birini dəstəkləməsinin önəmini qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyev Yubazlan Bin Yusofun səfirlik fəaliyyəti dövründə əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.


Səfir Yubazlan Bin Yusof Malayziyanın ali rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırıb. Yubazlan Bin Yusof fəaliyyəti dövründə münasibətlərimizin inkişafı, xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.


Dövlətimizin başçısı Malayziyanın ali rəhbərliyinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Malayziyanın ali rəhbərliyinə çatdırmağı xahiş edib.

Xəbər lenti