Xəzər Xəbər

Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib

Gündəm | 18:46 • 18 İyul 2019
Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib

İyulun 18-də Bakı Şəhər Prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə 2019-cu ilin birinci yarımilində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.


Bakı Şəhər Prokurorluğunun xezerxeber.az-a daxil olan məlumatında bildirilir ki, müşavirədə məruzə ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov hesabat dövründə şəhərin prokurorluq orqanlarının cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müəyyən nəticələr əldə etdiyini söyləyib.


Qeyd olunub ki, 2018-ci ilin birinci yarımilində şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 5678 hadisə qeydə alındığı halda, 2019-cu ilin birinci yarısında 182 hadisə, yəni 3,2 faiz azalaraq 5496 hadisə olub. Qeydə alınmış cinayətlərin açılma faizi 6,7 faiz azalaraq 75,4 faiz, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 37 hadisə və ya 5,6 faiz artaraq 695 olub.


Cari ilin birinci yarısında qeydə alınmış 37 qəsdən adamöldürmə cinayətinin 36-sı, 19 qəsdən adam öldürməyə cəhd cinayətinin isə hamısının açılması təmin edilib. Hesabat dövründə 28 quldurluq və ölümlə nəticələnən 103 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Quldurluq hadisələrindən 7-si, yol-nəqliyyat hadisələrindən isə 5-i bağlı qalıb.


Bu ilin birinci yarısında şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluqda icraatda olan 590 işdən 252-si, daxili işlər orqanlarının istintaq aparatlarının icraatında olan 6680 cinayət işindən 2183-nün istintaqı tamamlanıb.


Hesabat dövründə törədilmiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 7 milyon 579 min 457 manat maddi ziyandan 43,8 faizi, yəni 3 milyon 316 min 706 manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 19 milyon 337 min 628 manat maddi ziyandan 92 faizi, 17 milyon 772 min 953 manatı istintaq zamanı ödətdirilib.


Müşavirədə qeyd olunub ki, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələri rəhbər tutularaq müraciətlərin obyektiv və vaxtında araşdırılması, müəyyən olunmuş cədvəl əsasında Bakı şəhər, rayon prokurorluqlarında, eləcə də yaşayış yerlərində vətəndaşların qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılıb. Şikayətləri doğuran səbəb və halların aradan qaldırılmasına, qanunvericiliyin tələblərinə uyğun olaraq ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq artırılıb.


Hesabat dövründə şəhər prokurorluq orqanlarına 8030 müraciət daxil olub. Onlardan 2586-sı həll edilib, 877 müraciət təmin olunub. Cari ilin birinci yarımili ərzində 3997 vətəndaş qəbul edilib.


Əməliyyat müşavirəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanda prokurorluq orqanlarına verilmiş tövsiyələrin yerinə yetirilməsi istiqamətində işlərin uğurla davam etdirildiyi vurğulanıb.


Hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı, nöqsanlar da diqqətə çatdırılıb. Bağlı qalmış qəsdən adamöldürmə, quldurluq, oğurluq və yol nəqliyyat hadisələrinin tezliklə açılması və təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi, habelə axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayət nəticəsində vurulmuş ziyanın istintaq zamanı ödətdirilməsi sahəsində yol verilən nöqsanların aradan qaldırılmasının zəruriliyi vurğulanıb. İstintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları və süründürməçilik hallarının gələcəkdə təkrarlanmaması məqsədi ilə ətraflı müzakirə edilərək nöqsanların aradan qaldırılması istiqamətində konkret tapşırıqlar verilib.


Müşavirədə həmçinin qeyd olunub ki, ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, hesabat dövründə müxtəlif xətalar törətdiklərinə görə dörd prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Onlardan üç nəfərə töhmət, bir nəfərə isə şiddətli töhmət elan edilib.


Tələb olunub ki, prokurorluq əməkdaşlarının dövlətimizin başçısı İlham Əliyevin dövlət qulluqçularının xidməti və xidmətdən kənar məmur-vətəndaş münasibətlərini müəyyən edən proqram xarakterli çıxışlarından ciddi nəticə çıxarılması, eləcə də xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.


Əməliyyat müşavirəsində Bakı şəhər prokurorunun müavini Azər Əsgərov və rayon prokurorları hesabat dövründə prokurorluq orqanlarında cinayətkarlığa qarşı mübarizə, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili sahəsində görülmüş işlər, yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.


Yekunda şəhər prokuroru İlqar Abbasov hər bir prokurorluq əməkdaşının prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən böyük etimadı doğruldacağına, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində öz qulluq və vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edib.

Xəbər lenti