Xəzər Xəbər

Elmar Məmmədyarov: “Torpaqlarımızın işğaldan azad edilməsi diplomatiyamızın ən başlıca vəzifəsidir”

Gündəm | 12:03 • 9 İyul 2019
Elmar Məmmədyarov: “Torpaqlarımızın işğaldan azad edilməsi diplomatiyamızın ən başlıca vəzifəsidir”

"Azərbaycan qonşu və uzaq dövlətlərlə tərəfdaşlıq münasibətlərini müvəffəqiyyətlə inkişaf etdirərək, üçtərəfli və dördtərəfli əsaslarda yeni əməkdaşlıq çərçivələrinin əsasını qoyub və dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçid almasını təmin edib”.


Xarici İşlər Nazirliyindən (XİN) xezerxeber.az-a verilən məlumata görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov diplomatik xidmət orqanları rəhbərlərinin VI müşavirəsində deyib.


Nazir bildirib ki, ötən müşavirədən keçən dövr ərzində Azərbaycanın Əlcəzair və İraqda səfirlikləri, Kolumbiya, Çili, Uruqvay və Peruda diplomatik ofisləri açılıb, Avstriya, Sudan, Cibuti, Paraqvay, İtaliya və Maltada yeni fəxri konsulluqları fəaliyyətə başlayıb: "Azərbaycanda isə Peru, Kosta-Rika, Meksika, Venesuela və Çilinin səfirlikləri, Əlcəzair, Portuqaliya, Xorvatiya, Estoniya və Monteneqronun diplomatik ofisləri, həmçinin San Marino, Sloveniya, Makedoniya və Efiopiyanın fəxri konsulluqları açılıb. Azərbaycanla Tanzaniya, Vanuatu, Baham Adaları Birliyi, Samoa Dövləti, Palau, San-Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik münasibətlər qurulub”.


E. Məmmədyarov qeyd edib ki, hazırda Azərbaycanın xarici dövlətlərdə 59 səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 Baş konsulluğu, 11 təmsilçilik ofisi və 15 fəxri konsulluğu fəaliyyət göstərir: "Ölkəmizdə isə 66 dövlətin səfirliyi, 4 Baş konsulluq, 13 fəxri konsulluq və 22 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur”.


Xarici İşlər naziri onu da qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Xarici İşlər Nazirliyi bundan sonra da beynəlxalq münasibətlər sistemində Azərbaycanın dövlət maraqları və milli mənafeyinin layiqincə qorunması və təmin olunması istiqamətində müstəqil və çevik xarici siyasət fəaliyyətini davam etdirəcək: "Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması diplomatiyamızın ən başlıca vəzifəsidir”.

Xəbər lenti