Xəzər Xəbər

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası nominasiyaların təqdimatı ilə davam edib

Gündəm | 20:29 • 7 İyul 2019
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası nominasiyaların təqdimatı ilə davam edib

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 7-də işini nominasiyaların təqdimatı ilə davam etdirib.


Tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev ötən 7 günün gərgin müzakirələrlə, qarşılıqlı görüşlərlə və yeni nominasiyaların təqdimatı ilə yadda qaldığını bildirib. Nazir deyib ki, bu gün musiqi ictimaiyyəti çox ağır xəbər alıb. Belə ki, bossa-nova musiqi üslubunun banilərindən biri olan Juan Jilbertu 88 yaşında dünyasını dəyişib. 1931-ci ildə Braziliyada anadan olan gitaraçı, müğənni və bəstəkar Juan Jilbertu hələ yeniyetməlik illərindən mahnı oxumağa başlamışdı. Onun debüt "Chega de Saudade” (1959) albomu bossa-nova üslubunun əsasını qoyan səsyazmalardan biri hesab olunur. Juan Jilbertu dünya musiqisinə böyük töhfələr verib.


Sonra Juan Jilbertunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Günün ilk müzakirəyə çıxarılan nominasiyası Portuqaliyanın Mafra saray ansamblı ilə bağlı olub.


Əvvəlcə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) hesabatı dinlənilib.


Bildirilib ki, 1717-ci ildə inşasına başlanılan bu abidənin tikintisi 1735-ci ildə başa çatıb. Burada Kralın iqamətgahı, kilsə yerləşib. Roma barokko üslubunda inşa olunan bu bina dünya tarixi memarlığının bənzərsiz nümunələrindədir.


Maraqlı müzakirələrdən sonra fayl UNESKO-nun Dünya İrs Siyahısına salınıb.


Yeni fayl Portuqaliya ilə bağlı olub. Bu dəfə sessiya iştirakçıları bu ölkənin şimalında yerləşən və 600 il yaşı olan "Bom Jesus do Monte” ("Dağların xeyirxah İsası”) ziyarətgahı ilə bağlı nominasiyanı müzakirə ediblər. Bildirilib ki, ərazidə 20 ildir konservasiya və bərpa işləri aparılır. Müzakirələrin nəticəsi olaraq ziyarətgah Dünya İrs Siyahısına daxil edilib.


Növbəti nominasiya Qədim Pskov abidələri ilə bağlı olub. Məlumat verilib ki, Pskov şəhəri Rusiyanın şimal-qərbində yerləşir. Təqdim olunan nominasiya 18 elementi özündə əks etdirir. Müzakirələrdən sonra Qədim Pskov abidələri Dünya İrs Siyahısına daxil edilib.


Sonra İspaniyanın "Risko-Raydo mədəni landşaftı və Ban Kanariya müqəddəs dağları” faylı ilə bağlı hesabat dinlənilib. Bildirilib ki, bu ərazi Kanar adalarında yerləşir və burada vulkanik süxurlar mövcuddur. Ərazi 9 hektar sahəni əhatə edir. Özünəməxsusluğu ilə seçilən bu ərazi ispan mədəniyyətinin bir hissəsi də hesab edilə bilər. Bu ərazi arxeoloji sahələri və qayalıqları əhatə edir. Müzakirələrdən sonra bu nominasiya da Dünya İrs Siyahısına salınıb.


Növbəti nominasiya Böyük Britaniyanın Codrel Radioastroloji Rəsədxanası (Jodrell Bank Observatory) olub. Bildirilib ki, rəsədxana bir neçə teleskopdan ibarətdir və Mançester Universiteti Astrofizika Mərkəzinin bir hissəsidir. Kosmik vasitələrin izlənilməsində fəal iştirak edən bu rəsədxana müzakirələrdən sonra siyahıya salınıb.


Sonra Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı növbəti nominasiya müzakirə edilib.


Əvvəlcə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının hesabatı dinlənilib. Bildirilib ki, Şəki şəhəri Azərbaycanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 kilometr məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda yerləşir.


Qeyd edilib ki, Şəkidə yerləşən Xan Sarayı dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə inşa edilən saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. Otuz metr uzunluğu olan ikimərtəbəli bina 300 kvadratmetr sahəni əhatə edir. Saray altı otaq, dörd dəhliz və iki güzgülü eyvandan ibarətdir. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindəndir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray 120 hektar ərazini əhatə edir.


Hesabatda Şəki ilə bağlı faylın 2017-ci ildə Polşanın Krakov şəhərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyanın müzakirə olunduğu diqqətə çatdırılıb.


Müzakirələr zamanı Küveytdən, Anqoladan, Çindən, Bəhreyndən, Braziliyadan, İndoneziyadan, Tanzaniyadan, Tunisdən, Qırğızıstandan, Bosniya və Herseqovinadan, Uqandadan, Norveçdən, Zimbabvedən, Burkina-Fasodan, İspaniyadan, Qvatemaladan, Avstraliyadan olan nümayəndələr bu nominasiyanın Dünya İrs Siyahısına salınmasının vacibliyini vurğulayıblar.


Azərbaycan nümayəndəsi çıxış edərək bildirib ki, nominasiya altı ildir yerli və beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib. ICOMOS-un tövsiyələrindən irəli gələn məsələlərlə bağlı ciddi işlər görülüb. Yeni idarəetmə strukturu formalaşdırılıb və bir sıra qərarlar qəbul olunub.


Müzakirələrdən sonra "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb.


Günün ikinci yarısında sessiyada əvvəlcə ICOMOS İtaliyanın "Konelyano və Valdobbiadenada Prosekko təpələri” ilə bağlı faylını təqdim edib. Ölkənin şimalında yerləşən bu ərazi 90 min hektarlıq sahəni əhatə edir. Müzakirələrin nəticəsi olaraq nominasiya Dünya İrs Siyahısına salınıb.


Növbəti nominasiya ABŞ-ın təqdim etdiyi Frank Loyd Rayt arxitekturası ilə bağlı olub. Bildirilib ki, amerikalı memar Frank Lloyd Rayt tərəfindən XX əsrin əvvəllərində inşa olunan bu binalar memarlığın ən gözəl nümunəsidir. Memarlıq nümunəsi 8 mülkdən ibarətdir. Nominasiya təşkilatın 40-cı sessiyasında müzakirə olunub və bəzi tövsiyələrlə geri qaytarılıb. Ötən müddət ərzində verilən tövsiyələrin icrası ilə bağlı işlər görülüb. Müzakirələrdən sonra bu nominasiya da Dünya İrs Siyahısına daxil edilib.


Yamaykanın təqdim etdiyi "Port-Royal şəhərinin dəniz altında qalmış qalıqları” ilə bağlı nominasiya müzakirə edilib. Qeyd edilib ki, 1692-ci ildə baş verən zəlzələ nəticəsində şəhər dağılıb və tədricən dənizin altında qalıb.


Sonra Panamanın təqdim etdiyi nominasiya müzakirə edilib. Qeyd edilib ki, nominasiya Panama kanalı boyu müstəmləkə dövr arxeoloji nümunələri əhatə edir. Bu arxeoloji nümunələr arasında dəniz quldurları tərəfindən dağıdılan qədim Vyexo şəhəri var. Bu şəhər Sakit okeanı boyunca salınan ilk Avropa tipli şəhərdir.


Yamayka və Panamanın təqdim etdiyi hər iki nominasiya müzakirələrdən sonra növbəti sessiyadək təxirə salınıb.


Sessiya UNESKO-nun Dünya İrs Siyahısında olan mədəni sahələrin hüdudlarının dəyişdirilməsi ilə bağlı məsələlərə baxılması ilə davam edib.


Sessiya işinin iyulun 8-də davam etdirəcək. (AZƏRTAC)

Xəbər lenti