Xəzər Xəbər

Əkin sahələrini yandıranlar cərimə olunacaq — XƏBƏRDARLIQ

Gündəm | 15:11 • 6 İyul 2019
Əkin sahələrini yandıranlar cərimə olunacaq — XƏBƏRDARLIQ

"Taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir. Bu addım həm ekoloji, həm də aqrotexniki qaydalar baxımından zərərlidir və torpağın münbitliyinin azalmasına, üzvi maddələrin, mikroflorasının məhv olmasına gətirib çıxarır”.


XəzərXəbər xəbər verir ki, bu açıqlamanı "Yeni Sabah”a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov verib.


KTN rəsmisi bildirib ki, nazirlik biçindən sonra kövşənliyin yandırılmasına qarşı mütəmadi maarifləndirmə işləri aparır:


"Dövlət Aqrar İnkişaf Mərkəzləri fermerlərlərlə mütəmadi görüşlər keçirərək biçindən sonra sahələrin yandırılmasının torpağa vurduğu zərər barədə onları məlumatlandırır. Fermerlər bu mövzu ilə bağlı mütəmadi təlimlərə cəlb olunurlar. Apardığımız maarifləndirmə işlərinin nəticəsi olaraq ötən illə müqayisədə bu il biçilmiş sahələrin yandırılması faktları kifayət qədər azalıb”.


Vüqar Hüseynov qeyd edib ki, kövşənliyin yandırılması torpağın üst qatında mineral maddələri yararsız hala salır, münbitliyi azaldır:


"Yanğınlar bitkinin qidalanması və inkişafı üçün lazım olan faydalı maddələrin məhvinə gətirib çıxarır. Torpağın üst qatında humus ehtiyatı məhv olur, bir hektarda təxminən 1,3 ton humus itkisi baş verir. Əkinçilik Elmi-Tədqiqat İnstitutu mütəxəssislərinin hesablamalarına görə, bir hektar sahədə 1 ton samanın yandırılması nəticəsində 4,0-4,5 kiloqram azot, 2,0-2,5 kiloqram fosfor, 8-10 kiloqrama qədər kalium elementi itirilir. Bu itkini kompensasiya etmək üçün hər hektara 10-15 ton üzvi gübrə verilməsi tələb olunur. Kövşənliyin yandırılıması üzvi gübrə tələbatını, yəni həm də fermerin xərclərini artırır. Kövşənliyi yandıranlar bilməlidir ki, bu kimi addımlar növbəti il bitkilərin məgsuldarlığını təxminən 30 faiz azaldır”.


Nazirlik rəsmisi bildirib ki, əkin yerini yandıran fiziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslərin isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə olunurlar:


"Biz fermerlərə biçindən sonra sahələri yandırmaq əvəzinə samanı doğrayaraq sahələrə səpməyi tövsiyə edirik. Bu gün biçin prosesində iştirak edən müasir kombaynlar samandoğrayan aqreqatlarla təmin olunub. Biçin zamanı saman doğranaraq sahəyə səpilir, şum aparılan zaman torpağın üst qatında əlavə gübrə ehtiyatı formalaşır”.

Xəbər lenti