Xəzər Xəbər

Bakıdan Keniyaya çağırış: “Bu dünya irsini qoruyun”

Gündəm | 16:44 • 3 İyul 2019
Bakıdan Keniyaya çağırış: “Bu dünya irsini qoruyun”

Biz hazırda Böyük Rift Vadisində yerləşən göllərin ekoloji durumunun pis olması səbəbindən orada hasarlama prosesini həyata keçiririk. Bu hasarlama işlərindən əvvəl yerli əhalinin də mövqeyi öyrənilib. Orada on kilometrlərlə məsafədə mühafizə tam təmin olunub.

XəzərXəbər xəbər verir ki, bunu UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Keniyaya məxsus Böyük Rift Vadisində yerləşən göllərin vəziyyətinə dair məsələnin müzakirəsi zamanı bu ölkənin nümayəndəsi bildirib.

O qeyd edib ki, 32 min hektar əraziyə malik Dünya İrs Siyahısına daxil olan göllər sisteminə 3 göl – Boqoria, Nakuru və Elementaita gölü daxildir. Onun sözlərinə görə, 2013-cü ildən Dünya İrs Siyahısına daxil olan göllərdə ekoloji vəziyyət, biomüxtəliflik Keniya hökumətinin diqqət mərkəzindədir:

"Oradan köçürülmüş yerli əhali ilə danışıqlar aparılır. Bununla bağlı hökumət səviyyəsində xüsusi komissiya yaradılıb. Ərazidə bütün qeyri-qanuni fəaliyyət tamamilə dayandırılıb. Biz bu işləri görmüşük, ola bilsin ki, məlumatların Dünya İrs Komitəsinə çatdırılması vaxtında həyata keçirilməyib. Ancaq əmin ola bilərsiniz ki, bütün işlər vaxtında həyata keçirilir. Təklif edirik ki, göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün əraziyə Dünya İrs Komitəsinin missiyası təşkil edilsin. Biz, həmçinin istərdik ki, qəbul ediləcək qərar layihəsində görülən işlər öz əksini tapsın”.

Müzakirələrdə Uqanda və Burkina Faso nümayəndələri çıxış edərək bir sıra təkliflər irəli sürüb. Onların təklifləri nəzərə alınmaqla qərar qəbul olunub. Qərarda rəsmi Nayrobi Dünya İrs Siyahısına daxil olan Böyük Rift Vadisində yerləşən göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına çağırılıb.

Xəbər lenti