Xəzər Xəbər

Dünya İrs Komitəsinin sessiyasında etimad quruculuğu müzakirə edilir

Gündəm | 12:02 • 2 İyul 2019
Dünya İrs Komitəsinin sessiyasında etimad quruculuğu müzakirə edilir

Bakıda keçirilən UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının ikinci iş günü başlayıb.

XəzərXəbər xəbər verir ki, sessiyanın Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev birinci plenar iclasda "Dünya İrs Komitəsinin məşvərət qurumları ilə üzv dövlətlər arasında dialoqun gücləndirilməsi hesabatı”nın, başqa sözlə etimad quruculuğu prosesinin müzakirə olunacağını bildirib.

Daha sonra müzakirələr başlayıb. Bəhreyn nümayəndəsi çıxış edərək Dünya İrs Komitəsi daxilində etimad mühitinin möhkəmləndirilməsinə çağırış edib. Macarıstan nümayəndəsi çıxış edərək hesabatı diqqətlə oxuduqlarını və onun lehinə səs verəcəklərini bildirib.

Küveyt dövlətinin nümayəndəsi hesabatla razılaşmayıb. O, hesabatın ümumi xarakterli hesabat olduğunu bildirib: "Mən hesabatda təfərrüatın şahidi olmadım. Bu, bizim üçün ümumi hesabatdır. Bildirilir ki, hesabat nəticələri dəyişməyəcək. Dialoqun hər hansı nəticələri dəyişməyəcəyi yazılıb. Bizim bununla bağlı spesifik təcrübəmiz var. Həmin təcrübədən çıxış edərək bu fikirlərin doğru olmadığı qənaətindəyik”.

Tunis nümayəndəsi komitənin məşvərət qurumlarının apardığı işin çox vacib olduğunu bildirib: "Burada sual ondan ibarətdir ki, təşkilat daxilində etimad var, yoxsa yox? Biz hesabatla razıyıq. Burada nisbiliyi nəzərə almalıyıq. Bizim məqsədimiz təbii və mədəni irsin qorunmasına yönəlmiş olmalıdır. Hesabata müqavimət göstərməli deyilik, ən azı onu təkmilləşdirə bilərik”.

Avstraliya nümayəndəsi Dünya İrsi Siyahısına daxil edilmək üçün nominasiya prosesinin obyektiv və şəffaf aparılmalı olduğunu bildirib: "Nominasiya prosesinin islahatları ilə bağı təkliflər verilib. Azərbaycan da bununla bağlı öz mövqeyini bildirib. Bununla bağlı yol xəritəsi də hazırlana bilər. Hesab edirik ki, bu, vacib sənəddir və üzv dövlətlər arasında müzakirələrin aparılmasının vacibliyini qeyd edir”.

Azərbaycan nümayəndəsi qeyd edib ki, onun təmsil etdiyi ölkə dialoqun mühüm rolunu və təsirini qeyd edir: "Bu baxımdan ICCROM-un hesabatını alqışlayırıq. Dialoq inklüziv və etimadın ilkin şərti olmalıdır. Məşvərət orqanları ilə üzv dövlətlər arasında dialoq zəruridir. Biz həmçinin o ideyanı da dəstəkləyirik ki, dialoq bütün mərhələlərdə olmalıdır. Bir mərhələ ilə yekunlaşmamlıdır. Bu baxımdan, mənim ölkəm müvəqqəti işçi qrupunun üzvlərinə minnətdardır”.

Çin nümayəndəsi də bütün mübahisəli məsələlərin dialoq yolu ilə həllinin tərəfdarı olduğunu bildirb. O qeyd edib ki, dialoqun məqsədi son nəticədə dünya irsinin qorunmasına, onun gələcək nəsillərə çatdırılmasına xidmət edir: "Biz bununla bağlı Azərbaycan nümayəndəsinin fikirlərini bölüşürük”.

Daha sonra Burkina Faso, İndoneziya, Braziliya nümayəndəsi çıxış edərək təşkilat daxilində dialoqun, etimad quruculuğunun konstruktiv və etiraz doğurmayan bir proses olmalı olduğunu vurğulayıblar. Çıxışlar başa çatdıqdan sonra ICCROM (Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz), IUCN (Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi), Abidələr və Muzeylər üzrə Beynəlxalq Şuranın (ICOMOS) nümayəndələri çıxışlarda qaldırılan məsələlərə münasibət bildiriblər. Müzakirələr başa çatandan sonra hesabat bəzi dəyişikliklərə qəbul olunub.

Xəbər lenti