Xəzər Xəbər

Lombardan pul götürənlərin DİQQƏTİNƏ! Yeni qanuna görə...

Gündəm | 12:26 • 29 İyun 2019
Lombardan pul götürənlərin DİQQƏTİNƏ!

Lombardların büdcəyə ödəyəcəyi vergilərin həcmi artacaq.

Ölkədə qeydiyyatdan keçmiş 700-dən artıq lombard fəaliyyət göstərir. Bəzi vətəndaşlar sosial problemlərini həll etmək üçün lombardlara üz tuturlar. Bəzən isə lombard və vətəndaşlar arasında müəyyən problemlər yaşanır.

Görəsən, qəbul olunan yeni qanun bu problemləri həll edəcəkmi?

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Redaktor.az-a açıqlamasında bildirib ki, lombardların fəaliyyətinin hansısa tənzimləyici qanunlarla daha effektiv olacağına inanmaq bir qədər sadəlövh yanaşmadır:

"Lombardların fəaliyyətinin Milli Məclis səviyyəsində müzakirəyə çıxarılması ciddi problemlərin olduğunu isbat edir. Bu problemlərin həlli ilə bağlı məsələyə sistemli şəkildə yanaşmaq lazımdır. Çünki məlum problemlər bütövlükdə pul-kredit siyasəti və bank sektoru ilə birbaşa bağlı olan çətinliklərə söykənir. Bu gün kreditə ehtiyac duyan vətəndaşlar maliyyə və kredit resurslarına adekvat çıxış imkanına sahib olsaydı, lombardlar öz şərtlərini diqtə edə bilməzdi. Lombardların yüksək faiz dərəcəsi tətbiq etməsi, bəzi hallarda qoyulan qiymətli əşyaların itirilməsinə səbəb olur.

Lombardlar iqtisadi inkişaf və sosial durumla bağlı çətinliklər yaşadır

Bu gün kreditlər banklar tərəfindən verilsəydi, iqtisadi inkişafa müsbət təsir edərdi. Hazırda lombardlar tərəfindən yüksək faizlərlə verilən kreditlər biznes prosesini inkişafdan saxlayır. Sosial baxımdan isə əhali üçün ciddi itkilərə səbəb olur. Bu baxımdan yeni qayda müsbət və dayanıqlı effektə malik olmayacaq.

Lombarda yüksək verginin tətbiq edilməsi vətəndaş üçün zərərli olacaq

Yeni qanuna əsasən, lombard ödəniləcək verginin məbləğini vətəndaşdan çıxarmağa çalışacaq. Nəticədə kreditləşmə daha da bahalaşacaq. Lombardın vergiyə cəlb olunması mümkün ola bilər. Bir şərtlə, vergi məbləği lombardın öz mənfəətindən tutulsun. Yəni, lombardın kredit göstəricisinə əsasən təyin olunmamalıdır.

Lombardların fəaliyyətinin qarşısını almaq üçün bank sektorunda faiz dərəcələri yumşaldılmalıdır

Bank sektorunda ayrılan kreditlərin faiz dərəcələri təyinata uyğun fərqli olmalıdır. Bütün iqtisadiyyatı eyni faiz dərəcəsi ilə maliyyələşdirmək doğru addım deyil. Bank sektorunda islahatların aparılması vacibdir. Nəticədə faiz dərəcələri aşağı düşə bilər. Əks halda lombardların istehlakçılara qarşı qeyri-obyektiv və sağlam məntiqə söykənməyən tətbiqetməsini ləğv etmək çox çətin olacaq. Lombardlar banklarda faiz dərəcələrinin yüksək olmasından sui-istifadə edir. Bu gün lombardlar 30%-ə çatan kreditləşdirmə həyata keçirirlər. Real sektorun heç bir sahəsində bu dərəcədə rentabelli göstərici mövcud deyil. Kreditləşmə iqtisadiyyata uyğun aparılmalıdır ki, lombardların fəaliyyətinin qarşısı alınsın”.

Qeyd edək ki, Milli Məclisin ötən gün keçirilən plenar iclasında "Lombardlar haqqında" qanun layihəsi qəbul olunub. Lombardların fəaliyyətinin Qanunla tənzimlənməsi lombard istehlakçılarının hüquqlarının qorunması üçün nəzərdə tutulur.

Xəbər lenti