Xəzər Xəbər

Əbülfəs Qarayev YUNESKO-nun baş qərargahında sessiyada çıxış etdi

Gündəm | 13:01 • 30 May 2019
Əbülfəs Qarayev YUNESKO-nun baş qərargahında sessiyada çıxış etdi

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə YUNESKO baş qərargahında cari ilin 30 iyun-10 iyul tarixində Bakıda təşkil ediləcək Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı məlumat sessiyası keçirildi.

Nazir Əbülfəs Qarayev çıxış edərək Komitədə müzakirəsi gözlənilən məsələlər barədə məlumat verdi. Ə.Qarayev, həmçinin Azərbaycanın ev sahibi ölkə kimi bu tədbirə xüsusi önəm verdiyini, sessiyanın təşkili ilə bağlı ölkə prezidenti tərəfindən Təşkilat Komitəsinin yaradıldığını iştirakçıların diqqətinə çatdırdı.

Daha sonra tədbirin Əməliyyat qrupunun rəhbəri, Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə sessiyaya və onun çərçivəsində keçiriləcək tədbirlərə hazırlığın vəziyyəti barədə təqdimatla çıxış etdi və ölkəmizin mədəniyyəti və inkişafı ilə bağlı film nümayiş etdirildi. Qeyd edildi ki, Azərbaycan 23 iyun-1 iyul tarixində Gənc Peşəkarlar Forumu, 26 iyun-4 iyul tarixində Abidə Menecerləri Forumu və nəhayət 30 iyun-10 iyul tarixlərində Komitənin 43-cü sessiyasının keçirilməsinə tam hazırdır.

Ümumdünya İrs Mərkəzinin direktoru Mextild Rossler Azərbaycan tərəfinə təşəkkürünü bildirərək Komitənin 43-cü sessiyasının gündəliyi, müzakirə olunacaq nominasiya sənədləri, büdcə və prosedur qaydaları ilə bağlı yeniliklər və s.barədə çıxış etdi.

Sonda Komitə üzvlərinin sualları cavablandırıldı.

Xəbər lenti