Xəzər Xəbər

Yoakim Bröyer: Azərbaycan sosial təminat sahəsində ciddi uğurlara imza atıb

Gündəm | 16:25 • 15 May 2019
Yoakim Bröyer: Azərbaycan sosial təminat sahəsində ciddi uğurlara imza atıb

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov mayın 15-də Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti, Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının rəhbəri Yoakim Bröyerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


Baş Nazir Novruz Məmmədov Bakıda keçirilən Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumunun əhəmiyyətindən danışaraq bu tədbirin Azərbaycan üçün də mühüm önəm kəsb etdiyini diqqətə çatdırıb. "Hesab edirəm ki, Forumda aparılan müzakirələr Azərbaycanda bu istiqamətdə görülən işlərə öz töhfəsini verəcək”, - deyə Novruz Məmmədov vurğulayıb.


Azərbaycanın Beynəlxalq Sosial Təminat Assosiasiyasının fəaliyyətində yaxından iştirak etdiyini qeyd edən Baş Nazir ölkəmizdə sosial sahədə görülən işlər barədə qonağa məlumat verib. Bildirib ki, Azərbaycan Hökuməti fəaliyyətində sosial məsələlərə hər zaman diqqətlə yanaşır. Həmçinin ölkəmizdə dövlət büdcəsi formalaşdırılarkən onun sosialyönümlü olmasına xüsusi diqqət ayrılır.


Prezident İlham Əliyev tərəfindən müxtəlif istiqamətlərdə, o cümlədən sosial sahədə reallaşdırılan islahatlardan, atılan addımlardan bəhs edən Novruz Məmmədov bildirib ki, Azərbaycanda Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) yaradılması müxtəlif sosialyönümlü xidmətlərin vətəndaşlara tam şəffaf və operativ şəkildə, yüksək keyfiyyətlə təqdim olunmasını təmin edir.


Yoakim Bröyer Forumun təşkilinə göstərilən dəstəyə, qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, Azərbaycanda sosial sahədə aparılan islahatları yüksək qiymətləndirərək, bu istiqamətdə görülən işlərin möhkəm siyasi iradə sayəsində mümkün olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan sosial təminat sahəsində ciddi uğurlara imza atıb, ölkədə bu istiqamətdə vacib islahatların reallaşdırılması üçün əməli işlər görülür. "DOST” mərkəzində olduğunu, oradan çox müsbət təəssüratlarla ayrıldığını bildirən Yoakim Bröyer Azərbaycanın bu layihəsinin dünya miqyasında uğurlu yenilik olduğunu diqqətə çatdırıb.


Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. (AZƏRTAC)

Xəbər lenti