Xəzər Xəbər

Prezident: Problemli kreditlərlə bağlı məsələ ən yüksək səviyyədə həll olundu

Gündəm | 12:35 • 1 May 2019
Prezident:

Problemli kreditlərlə bağlı məsələ ən yüksək səviyyədə həll olundu.

Bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Ölkə başçısı vurğulayıb: "Önəmli məsələ problemli kreditlərlə bağlı idi. Bu məsələ Azərbaycanda ən yüksək səviyyədə həll olundu. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl, neftin qiymətinin kəskin, təqribən 4 dəfə düşməsi nəticəsində neft ixrac edən ölkələr böyük çətinliklərlə üzləşmişlər. O ölkələrdə milli valyuta qiymətdən düşdü, o cümlədən Azərbaycanda. Bu, qaçılmaz hal idi. Ancaq biz qısa müddət ərzində vəziyyəti sabitləşdirə bildik. 2016-2017-ci illərdə iqtisadi və makroiqtisadi sabitliyin təmin edilməsi üçün addımlar atıldı. Baxmayaraq ki, o illərdə inflyasiya yüksək səviyyədə idi. Ancaq biz vəziyyəti sabitləşdirə bildik və beləliklə, inkişaf üçün zəmin yaratdıq. Təbii ki, bizim iqtisadi və maliyyə imkanlarımız artdıqca, ilk növbədə, vətəndaşları narahat edən bu məsələni həll etdik, özü də ən yüksək səviyyədə. Bir neçə ölkədə bu məsələ ilə bağlı müəyyən addımlar atılıb, müqayisə aparmaq istəmirəm. Ancaq deyə bilərəm ki, bu məsələ ən genişmiqyaslı və vətəndaşları təmin edəcək şəkildə, ədalətli şəkildə Azərbaycanda həll olunub. Nə üçün? Ona görə ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz Azərbaycan vətəndaşının rifahı üçün əlimizdən gələni edirik. Beləliklə, 100 minlərlə insanı narahat edən bu məsələ də uğurla həll olundu. Yəni, kompensasiyaların verilməsi prosesi başlayıb və əminəm ki, qısa müddət ərzində başa çatacaq”.

Xəbər lenti