Xəzər Xəbər

Formula 1 ərəfəsində maraqlı yenilik olacaq

Gündəm | 16:30 • 20 Aprel 2019
Formula 1 ərəfəsində

Tamaşaların ingilis dilində tərcüməsi əcnəbi qonaqlarımıza titrlər vasitəsilə göstəriləcək

26-28 aprel tarixlərində Bakı şəhərində növbəti Formula 1 Azərbaycan Qran Prisi – 2019 baş tutacaq. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının (ADAMT) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ADAMT da ölkəmizdə 4-cü dəfə keçiriləcək dünyaca məşhur olan bu beynəlxalq idman tədbirinə yüksək səviyyədə hazırlaşıb, yarış iştirakçılarının, şəhərimizin çoxsaylı qonaqlarının mədəni istirahətlərinin lazımi səviyyədə təmin etmək üçün bütün təşkilati məsələləri həll edib.

Teatr Formula 1 həftəsində xüsusi repertuarla çıxış edəcək: "Ölkəmizin bu mötəbər idman yarışmasına 4-cü dəfə ev sahibliyi etməsi işimizdə məsuliyyətimizi daha da artırır. Akademik Musiqili Teatr yarış günlərində xüsusi repertuarla çıxış edəcək. Aprel ayının 26-da saat 19:00-da "Kimdir müqəssir?" (Ə.Haqverdiyev), 27-də saat 19:00-da "Arşın mal alan" (Ü.Hacıbəyli), 28-də saat 19:00-da isə "O olmasın, bu olsun" (Ü.Hacıbəyli) səhnə əsərləri nümayiş olunacaq".

"Tamaşaların ingilis dilində tərcüməsi əcnəbi qonaqlarımıza titrlər vasitəsilə göstəriləcək. Ümumiyyətlə, son illər teatrımız beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak etmək üçün ölkəmizə gələn qonaqları, turistləri yüksək səviyyədə qəbul edir, onların mədəni istirahətləri üçün lazım olan hər cür şərait yarada bilir. Əcnəbi qonaqların teatrımızla tanışlığı onlarda Azərbaycan mədəniyyəti və incəsənəti haqqında xoş təəssüratlar oyadır" - deyə Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.

Xəbər lenti