Xəzər Xəbər

İlham Əliyev: Ölkəmizin prinsipial mövqeyində heç bir dəyişiklik yoxdur

Gündəm | 14:12 • 5 Aprel 2019
İlham Əliyev:

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev aprelin 5-də Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışında iştirak edib.

Yeni yaşayış kompleksinin açılışı münasibətilə məcburi köçkünləri təbrik edən dövlətimizin başçısı bildirib ki, burada yaşayış üçün ən yüksək standartlar yaradılıb.

"Bu, bir daha göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyən Prezident İlham Əliyev vurğuladı ki, məcburi köçkünlərin problemlərinin həlli ən prioritet məsələdir. Təkcə keçən il məcburi köçkünlər üçün 5 mindən çox mənzilin inşa edildiyini bildirən dövlətimizin başçısı dedi ki, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək və ilin sonuna qədər minimum 6 min mənzilin istifadəyə verilməsi planlaşdırılır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunan Prezident İlham Əliyev bir daha vurğuladı ki, ölkəmizin prinsipial mövqeyində heç bir dəyişiklik yoxdur. Bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, həmçinin beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır.

"Tarixi ədalət də Azərbaycanın tərəfindədir”, - deyən dövlətimizin başçısı bildirib ki, Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqlar bizim əzəli torpağımızdır, həm də beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir.

Xəbər lenti