Xəzər Xəbər

Problemli kredit sahiblərinə ödənişlər BU QAYDADA veriləcək

Gündəm | 09:36 • 5 Aprel 2019
Problemli kredit sahiblərinə ödənişlər

Bank olmayan kredit təşkilatları və bağlanan bankların problemli kredit sahibləri məbləğı nağd və nağdsız formalarda olmaqla "Azərpoçt” MMC-dən ala biləcəklər.

MMC-dən XəzərXəbər-ə verilən məlumata görə, bunun üçün vətəndaşın nə "Azərpoçt"un mərkəzi ofisinə, nə də Çağrı mərkəzinə(169) müraciət etməsinə ehtiyac yoxdur. Prosesə start veriləndə vətəndaşın kredit götürdüyü zaman qeydiyyata aldırdığı nömrəsinə SMS göndəriləcək. SMS-də fiziki şəxsə ödəniləcək məbləğ, ödənilən kreditinin olduğu kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı barədə məlumat (adı, ünvanı, əlaqə vasitələri), fiziki şəxsin yardımın köçürüldüyü ödəniş kartını əldə edə biləcəyi və ya pul köçürməsinin ediləcəyi kredit təşkilatı və ya poçt rabitəsinin milli operatoru barədə məlumat (kredit təşkilatının, onun filialının, poçt rabitəsinin milli operatorunun və onun şöbəsinin adı, ünvanı, əlaqə vasitəsi) pul köçürməsinin ediləcəyi tarix haqda informasiya öz əksini tapacaq.

Hal-hazırda "Azərpoçt” MMC-nin icra edəcəyi əməliyyatın neçə nəfərə şamil olunacağı hələ dəqiqləşdirilməyib.

"Azərpoçt” MMC tərəfindən ödənişlər pul köçürmələri və plastik kartlar vasitəsilə olmaqla 2 formada həyata keçiriləcək. 500 manata qədər məbləğ nağd formada, 500 manatdan yuxarı olduqda isə plastik kartlar vasitəsilə kredit sahibinə təqdim olunacaq.

Problemli kreditlərin ödənilməsi ilə bağlı göstərilən xidmətlər "Azərpoçt” MMC tərəfindən pulsuz həyata keçiriləcək.

Xəbər lenti