Xəzər Xəbər

Bu şəxslərin təqaüdü 100 faizədək artırıldı

Gündəm | 10:25 • 2 Aprel 2019
Bu şəxslərin təqaüdü 100 faizədək artırıldı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələri və həmin döyüşlərdə yaralanaraq əlil olmuş hərbçilərlə bağlı mühüm sosial müdafiə tədbirləri həyata keçirilib. Onlara qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq sosial təminat növləri, o cümlədən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri, müavinət və ya əmək pensiyaları, habelə uşaqlarına, eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə müavinətlər təyin olunub. Şəhid ailələrinə birdəfəlik ödəmələr verilib, onlar üçün Prezidentin aylıq təqaüdünün məbləği mütəmadi olaraq artırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, cari ildə bu sahədə növbəti mühüm addım kimi 2019-cu il fevralın 1-dən həmin təqaüd 300 manata çatdırılıb. Eləcə də müharibə əlilləri kimi, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olanların, o cümlədən aprel döyüşləri ilə əlaqədar əlilliyi olanlar üçün müavinət və təqaüdlər də cari il aprelin 1-dən 100 faizədək artırılıb.

Eyni zamanda aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin reabilitasiyasına xüsusi qayğı göstərilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşündə "Mənim tapşırığımla sizin hər birinizə fərdi yanaşma tətbiq olunacaq və normal hərəkət dinamikasına yardım edən müasir protezlə təmin olunacaqsınız”, - deyə bildirib. Bu tapşırığa uyğun olaraq, qeyd olunan əsgər və zabitlərin reabilitasiyası sahəsində yüksək səviyyədə işlər aparılıb. Belə ki, Heydər Əliyev Fondunun "2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi çərçivəsində həmin əsgər və zabitlərimiz Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı reabilitasiya məhsulları ilə təmin edildilər.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığına əsasən, cari ilin fevral ayında 30-dək hərbçidən ibarət daha bir qrup Qarabağ müharibəsi əlili də protezləşməyə cəlb edildi. Onların hər birinin fərdi xüsusiyyətləri, aktivlik dərəcələri, həyat tərzləri nəzərə alınmaqla yüksək texnologiyalı məhsullar seçilərək təmin olundular. Reabilitasiya vasitələri ilə təmin olunan həmin Qarabağ müharibəsi əlilləri artıq aktiv həyata geri dönərək əmək fəaliyyətlərini davam etdirir, bir qismi hərbi xidmətlərinə davam edir, ayrı-ayrı əlilliyi olan hərbçilər isə paralimpiya idman növləri ilə məşğul olurlar.

Aprel döyüşlərində şəhid olanların ailələrinin, müharibə əlillərinin digər sahələrdə də qayğı ilə təmin olunması üçün müvafiq işlər aparılır.

Xəbər lenti