Xəzər Xəbər

Bayram günlərində Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələri xüsusi iş rejimində çalışıb

Gündəm | 11:11 • 26 Mart 2019
Bayram günlərində Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələri xüsusi iş rejimində çalışıb

Novruz bayramı ilə əlaqədar ölkədə elan olunmuş yeddi qeyri-iş günü ərzində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH), onun struktur bölmələrinin, paytaxtın təsərrüfat və xidmət sahələrinin işçiləri xüsusi iş rejimində çalışıblar.

BŞİH-in mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, bayram günlərində Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların təşkilatçılığı ilə paytaxtda və onun rayonlarında kütləvi tədbirlər, müxtəlif konsert proqramları, yarmarkalar təşkil olunub. Bu il mərkəzi yerlərlə yanaşı, bir sıra qəsəbə və məhəllələrdə də bayram şənlikləri keçirilib.

Bayram şənlikləri və kütləvi tədbirlərin təşkili, şəhərin sanitar təmizliyinin yüksək səviyyədə saxlanılması, istirahət günlərində sakinləri və şəhərin qonaqlarını narahat edə biləcək hər hansı mənfi halın qarşısının dərhal alınması üçün Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, aparatın məsul nümayəndələri, eyni zamanda, paytaxt rayonlarının icra hakimiyyətlərinin aparatları, şəhərin təsərrüfat və digər xidmət sahələrinin işçiləri öz iş yerlərində birbaşa vəzifə borclarını yerinə yetiriblər.

Novruz bayramı günlərində paytaxtdakı bütün tədbirlərin yüksək səviyyədə keçirilməsi təmin olunub, sakinləri narahat edə biləcək problemlərin qarşısı alınıb.

Bayram günlərində iş yerində öz xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara qanunvericiliyin tələblərinə uyğun olaraq əlavə istirahət günləri veriləcək və onların mükafatlandırılması məsələsinə baxılacaq.

Xəbər lenti