Xəzər Xəbər

Azərbaycanda əfv sərəncamının icrasına başlanıldı

Gündəm | 09:21 • 17 Mart 2019
Azərbaycanda əfv sərəncamının icrasına başlanıldı
Prezident İlham Əliyevin martın 16-da imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamının icrasına başlanılıb.

XəzərXəbər xəbər verir ki, əfv sərəncamının icrası bu gün səhərdən Pentensiar Xidmətin cəza çəkmə müəssisələrində həyata keçirilir.

Qeyd edək ki, martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb.

Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.
Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub.

Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Prezident İlham Əliyevin bu gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı əsasında azad edilənlər arasında bir sıra tanınmış şəxslər də var.

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlı (1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qazax Rayon Məhkəməsinin 2018-ci il 23 yanvar tarixli hökmü ilə məhkum edilib) AXCP üzvü, partiya funksionedi Natiq Ədilovuun qardaşı Murad Ədilov (1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 14 may tarixli hökmü ilə məhkum edilib) və sabiq səhiyyə naziri Əli İnsanov (1946-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2017-ci il 26 aprel tarixli hökmü ilə məhkum edilib) cəzasının çəkilməmiş hissəsindən azad olunublar.
Bundan əlavə sərəncamla AXCP sədrinin digər müavini Fuad Qəhrəmanlı, "Nida" Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəman, habelə blogger Rəşad Ramazanov, dini fəal Nicat Əliyev, dini fəal, 17 il müddətinə azadlıqdan məhrum edilmiş Zülfüqar Mikayılov, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov da əfv edilib.

Xəbər lenti