Xəzər Xəbər

Yolayrıcındakı bu xətlərə DİQQƏT Sürücülərin nəzərinə

Gündəm | 13:53 • 15 Mart 2019
Yolayrıcındakı bu xətlərə DİQQƏT

"Son günlər tez-tez Dövlət Yol Polisi əməkdaşları ilə dialoq videoları yayılır. Bu videolardan görünür ki, Dövlət Yol Polisi əməkdaşları yolayrıcına yaxınlaşan və hələ 1.1 bütöv xətti olmayan yerdə yerdəyişmə edən sürücülərə "1.18 xəttinin tələbini pozmaya" görə cərimə yazmaq istəyir. Bəri başdan deyim ki, bu tamamilə yanlışdır”.

XəzərXəbər xəbər verir ki, bu fikirləri nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. Ekspert bildirib ki, bu halların yaşanmasına səbəb qanundan xəbərsizlikdir:

"Bu məsələdə söhbət 1.18 nişanlanmasının (asfaltakı oxların) tətbiqindən və tələbindən gedir. Bunu dəqiq bilmək ilk növbədə Dövlət Yol Polisi əməkdaşlarına, həm də elə sürücülərə lazımdır.

Yol Hərəkəti haqqında qanunun 69-cu maddəsinin VI hissəsinin 18-ci bəndinə əsasən, 1.18 oxları yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir. Hazırda qüvvədə olan standarta əsasən, bu nişanlanma yolayrıcı qarşısında bir birindən 20-30 metr aralı olmaqla 2-3 dəfə təkrarlanaraq çəkilməlidir. Belə yolayrıcı qarşısında zolaqlar üzrə yerdəyişməni qadağan etmək üçün zolaqlar arasına 20-40 metr məsafədə 1.1 bütöv ağ xətt də çəkilməlidir. Belə halda yolayrıcına ən yaxın 1.18 oxu həmin bütöv xəttin başlanğıcında çəkilməlidir. Yəni yolayrıcına yaxınlaşanda son gördüyümüz 1.18 oxu yolayrıcından 20-40 metr aralı, ondan əvvəlkilər isə yolayrıcından daha uzaqda (təxminən 40-70, 60-100 metrdə) olacaq. Təbii ki, yolayrıcından uzaqdakı 1.18 oxları olan yerdə zolaqlar arsında 1.5 qırıq-qırıq xətti olacaq. Əsas vurğulamaq istədiyim də odur ki, sürücünün qarşısına ilk çıxan 1.18 oxları olduğu yerdə onun üçün heç bir məcburi tələb irəli sürmür. Sürücü həmin yerdə 1.5 xəttini manevr qaydalarına uyğun istənilən tərəfə kəsib keçə bilər. Bu, qayda pozuntusu deyil və əslində sürücüyə qabaqcadan deyir ki, yolayrıcında fərqli istiqamətə gedəcəksənsə, buyur, indidən zolağını dəyiş.

Beləliklə, 1.18 oxu müvafiq hərəkət zolağında olan sürücünü yalnız yolayıcında oxda göstərilən istiqamətdə (istiqamətlərdə) getməyə məcbur edir. Sadəcə yolayrıcına 20-40 metr qalmış artıq bütöv xətt başladısa, zolaqda yerdəyişmə də qadağandır. Ona görə də bütöv xətlərin arasına daxil olana qədər zolaqlarda yerdəyişmə tam qaydalar çərçivəsindədir.

Həm də nəzərə alaq ki, yolayrıcında hərəkət istiqamətləri zolaqlar üzrə paylanırsa, 5.8.1 və ya 5.8.2 nişanıa qoyulmalıdır. Yəni 1.18 oxları bu nişanları tamamlamalıdır”.

Xəbər lenti