Xəzər Xəbər

Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Gündəm | 14:33 • 12 Mart 2019
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Martın 12-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

Komitənin sədri Hadi Rəcəbli əvvəlcə ölkəmizdə sosial sahədə görülən işlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyev 2019-ci ili sosial təminat məsələləri baxımından önəmli il adlandırıb. Həqiqətən də iki ay müddətində bu istiqamətdə köklü, inqilabi addımlar atılıb ki, bu da əhalinin güzəranının yaxşılaşdırılmasına hesablanıb. Buraya minimum əmək haqlarının, pensiyaların, Qarabağ əlillərinin müavinətlərinin, tələbələrin təqaüdlərinin artırılması, problemli kreditlərin həlli istiqamətində atılan addımlar daxildir.

Sonra gündəlikdəki məsələlərə baxılıb.

İclasda "Kənd təsərrüfatı kooperasiyası haqqında”, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, "Turizm haqqında” və "Elektrik istilik stansiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Bildirilib ki, "Turizm haqqında” Qanuna təklif olunan dəyişikliklərə əsasən, sənədin 4-cü maddəsinə "Bu maddənin 1-ci hissəsinin 1.2.-ci bəndində nəzərdə tutulmuş dövlət proqramlarının layihələrinə dair "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq strateji ekoloji qiymətləndirmə (SEQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası aparılmalıdır” məzmunlu 2-ci bənd əlavə olunur. Bundan başqa, Qanunun 4-1-ci maddəsinə "300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələrinə dair "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir” məzmunlu 4-1.4-cü bənd əlavə edilir.

Sonra Əmək, Vergi və İnzibati Xətalar məcəllələrinə, birinci oxunuşda "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, "Dövlət rüsumu haqqında”, "Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlara dəyişiklik edilməsi haqqında qanun layihələrinə baxılıb. Qeyd olunub ki, dəyişikliklər "Təhsil haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır.

Əmək, Vergi və Cəzaların İcrası məcəllələrinə dəyişiklik edilməsi barədə qanun layihəsi isə "Peşə təhsili haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır.

Daha sonra "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, "Həmkarlar ittifaqları haqqında”, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Dövlət rüsumu haqqında”, "Mühasibat uçotu haqqında”, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, "Bədən tərbiyəsi və idman haqqında”, "Hərbi vəzifə və hərbi xidmət haqqında”, "Lisenziyalar və icazələr haqqında” və "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Bildirilib ki, qanun layihələri texniki xarakterlidir.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Xəbər lenti