Xəzər Xəbər

İlham Əliyev Hüseynqulu Sarabski ilə bağlı sərəncam imzaladı

Gündəm | 13:08 • 4 Mart 2019
İlham Əliyev Hüseynqulu Sarabski ilə bağlı sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Hüseynqulu Sarabskinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

2019-cu ilin mart ayında görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq və teatr xadimi, Xalq artisti Hüseynqulu Sarabskinin (Hüseynqulu Məlik oğlu Rzayevin) anadan olmasının 140 illiyi tamam olur.

Hüseynqulu Sarabski Azərbaycanın teatr və musiqi mədəniyyətinin böyük nümayəndələri sırasında layiqli yer tutan tanınmış şəxsiyyətlərdəndir. Şərqlə Qərbin musiqili teatr ənənələrinin qovuşuğunda meydana gəlmiş və dünya opera sənətinin unikal hadisəsinə çevrilmiş muğam operasının təşəkkülündə onun ifaçı kimi müstəsna xidmətləri var. Muğamları dərindən bilən, parlaq aktyorluq istedadına malik sənətkar milli opera və operettalarda əsas partiyaların ilk və unudulmaz ifaçısı olub, uzunmüddətli dolğun səhnə fəaliyyəti ərzində rəngarəng obrazlar qalereyası yaradıb. Sarabski respublikanın mədəni həyatında yaxından iştirak edib, eyni zamanda, muğam sənətinin təbliği və tədrisinə mühüm töhfələr verib.

Azərbaycan teatr sənətinin inkişafı naminə təqdirəlayiq fəaliyyətini nəzərə alaraq Xalq artisti Hüseynqulu Sarabskinin anadan olmasının 140-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi görkəmli sənətkar Hüseynqulu Sarabskinin 140 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Xəbər lenti