Xəzər Xəbər

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun birinci iclasının kommünikesi qəbul edilib

Gündəm | 20:23 • 20 Fevral 2019
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun birinci iclasının kommünikesi qəbul edilib

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun birinci iclasının kommünikesi qəbul edilib. Bu barədə xezerxeber.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Kommünikedə bildirilir ki, fevralın 19-20-də Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun birinci iclası keçirilib. Danışıqlarda Azərbaycan Respublikasının (rəhbəri - X.Xələfov), İran İslam Respublikasının (rəhbəri R. Ahari), Qazaxıstan Respublikasının (rəhbəri Z.Amanjolova), Rusiya Federasiyasının (rəhbəri İ.Bratçikov) və Türkmənistanın (rəhbəri M.Atacanov) nümayəndə heyətləri iştirak ediblər.


Tərəflər Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupu üçün prosedur qaydalarını qəbul ediblər. Beşinci Xəzər Sammitinin nəticələrinə dair əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb, Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektləri nəzərdən keçirilib, eləcə də imzalanmış sazişlər üzrə dövlətdaxili proseduraların yerinə yetirilməsi, o cümlədən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiya prosesi barədə məlumat verilib. Xəzər dənizində düz çıxış xətlərinin müəyyən edilməsinin metodikası üzrə Saziş layihəsinin müddəaları müzakirə olunub. Layihənin bir sıra müddəaları razılaşdırılıb. Bu sənədin müzakirəsi davam etdiriləcək.


Nümayəndə heyətləri danışıqların nəticələrini müsbət qiymətləndiriblər və ilk görüşün yüksək səviyyədə təşkil edilməsi üçün Azərbaycan Respublikasına dərin minnətdarlıqlarını bildiriblər.


Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası bu ilin aprelində Qazaxıstanda keçiriləcək.

Xəbər lenti