Xəzər Xəbər

Azərbaycanda əsən küləklər, növləri Onlardan qorunma qaydaları

Gündəm | 16:51 • 17 Yanvar 2019
Azərbaycanda əsən küləklər, növləri

Küləyin sürəti 1806-cı ildə ingilis admiralı F.Bofort tərəfindən təklif edilən və hal-hazırki dövrdə azacıq dəyişdirilməklə qəbul edilmiş 12 ballıq şkala ilə ölçülür.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, xüsusilə, qasırğa və tufan (F. Boforta görə 12 ballıq külək) üçün 1946-cı ildə 6 bölgü qəbul edilib və şkala 17 ballıq olub.

9, 10 və 11 ballıq küləklər fırtına, 12, 13, 14, 15, 16 və 17 ballıq küləklər isə qasırğa və tufan adlandırılıb.

Əmələgəlmə və fəaliyyət dairəsinə görə küləklər planetar və yerli küləklərə ayrılır.

Planetar küləklər böyük sahələri əhatə edir. Bunlara daimi olaraq müəyyən istiqamətə yönəlmiş passat küləklər, fəsillik dəyişmələrə məruz qalan mussonlar və brizlər daxıldir.

Yerli xarakter daşıyan küləklərin təsir dairələri kiçik olur və onlar gündəlik və ya qısamüddətli istilik dəyişmələrinin hesabına əmələ gəlir. Bunlara Orta Asiyada əsən afqanlı, Abşeron yarımadasında xəzri, gilavar, Şimali Qafqazda bora və s. küləklər misal ola bilər.

Azərbaycanda yaranan küləklər 2 qrupa bölünür:

1. Müxtəlif hava kütlələrinin Azərbaycana daxil olması nəticəsində yaranan küləklər.

2. Yerli şəraitdə yaranan küləklər. Bu küləklər səth örtüyü və relyefin müxtəlifliyi nəticəsində yaranır.
Ölkə ərazisində mövcud olan əsas küləklər aşağıdakılardır:

1. Xəzri - sürəti 35-40 m/san-yə çatan şimal və şimal-şərq istiqamətli güclü küləklərdir, yayda temperaturu aşağı salır, sərinlik gətirir, qışda isə havanı soyudur. Havanı təmizləsə də təsərrüfatlara ziyan vurur.

2. Gilavar - Azərbaycana cənub və cənub-şərqdən daxil olur, yayda hava qızır, qışda isə mulayimləşir, eyni zamanda bu tip küləklər havanı təmizləyir.

3. Dağ-dərə küləkləri - dağlıq ərazilərdə gün ərzində yer səthinin qeyri-bərabər qızması nəticəsində yaranır.

4. Briz - Xəzərin sahilində gün ərzində istiqamətini 2 dəfə dəyişir.

5. Fyon - ilin soyuq dövründə dağlarda əsən isti və quru küləkdir.

Tropik hava küləkləri Azərbaycan ərazisində isti və quru küləklərin yaranmasına səbəb olur.
Respublika ərazisində küləklərin sürətinin paylanmasında qeyri-bərabərlik müşahidə edilir. Belə ki, ən güclü küləklər Abşeron yarımadası və Qobustan üçün xarakterikdir. Burada şimal (xəzri) və cənub (ağ külək - gilavar) küləkləri geniş inkişaf tapmışdır.

Çoxillik məlumatlara görə, ölkə ərazisinin şərq hissəsində küləyin orta sürəti 6-7, qərb hissəsində isə 7-8 m/san təşkil edir. Abşeron üzərində küləyin maksimal sürəti böyükdür və tez-tez 25-30 m/saniyə çatır, bəzi hallarda isə hətta 40 m/san-ni keçir, belə ki, qasırğa xarakterli olur.

Naxçıvan MR-nın ərazisində və Gəncə-Daşkəsən bölgəsində küləklərin orta sürəti 3-5 m/san-yə, maksimal sürəti isə 15 m/san-yə çatır, digər bölgələrdə isə orta sürət 3 m/san-dən azdır.

Küləyin sürətinin 25 m/san-yə qədər və daha çox güclənməsi təhlükəli hesab edilir. Belə küləklər əhəmiyyətli dərəcədə dağıntılara - ağacların iri budaqlarının sınmasına, qoca ağacların kökündən çıxmasına, yüngül tikililərin dam örtüyünün qoparılmasına, pəncərələrinin isə sınmasına səbəb ola bilər. Sürəti 33 m/san və daha böyük olan küləklər qasırğa hesab olunur.

Güclü küləklər zamanı təhlükəli hadisələrdən qorunmaq üçün aşağıda qeyd edilən ehtiyat tədbirlərinə riayət etmək lazımdır:

- hadisə barədə məlumatınızin olması üçün radio və televiziyanı izləyin. Bəzən mülki müdafiə və fövqəladə halların yerli xidmət idarələri tərəfindən radio və televiziya vasitəsilə təhlükəli hadisələr zamanı davranış qaydaları barədə operativ məlumatlar verilir;

- bütün nəfəslikləri və pəncərələri bağlayın. Yapışqanlı lent ilə pəncərənin şüşələrini diaqonalları üzrə bərkidin. Əgər güclü külək zamanı pəncərənin şüşələri sınarsa, onda qırıqları az olacaqdır və onlar sizin mənzilinizdə - evinizdə xaotik (qarma-qarışıq) şəkildə uçmayacaqdır. Bu halda şüşə qırıntıları ilə yaralanma - kəsilmə riski - təhlükəsi minimal olacaqdır;

- imkan daxilində elektrik cərəyanını və qazı kəsin və su kəmərinin üstünü örtün. Qabaqcadan 5-7 saatlıq su və ərzaq, həmçinin şam və başqa işıq və istilik mənbələri ehtiyatını tutun. Əgər imkan vardırsa ayrıca quraşdırılmış elektrik qidalanma mənbəyindən - onu qabaqcadan uzun müddətə (24 saatdan çox) hazırlamaqla istifadə etmək olar. Şiddətli külək əsdikdə onu işə salmaq məsləhət deyildir, belə ki, bu çoxlu narahatçılıqlar törədə bilər və həyat üçün əlverişsiz şərait yaradar. Yadda saxlayın ki, təhlükəli küləklər əsdikdə istənilən elektrik enerjisi mənbələri söndürülməlidir;

- əgər bağ eviniz və ya mənzilinizdən yuxarıdan gələn antenna və istənilən başqa xətt keçirsə, daha yaxşı olar ki, onu batareyaya və ya istənilən boruya yaxın qoyun, bu halda onlar elektrik dövrəsini yerlə birləşdirəcəkdir. Təhlükəli küləklər zamanı bütün tip rozetkalara (telefon rozetkası istisna olmaqla), metal boru və naqillərə - məftillərə yaxınlaşmaq olduqca arzuolunmazdır;

- güclü küləklər zamanı birmərtəbəli evlərdə dam örtüyünün qoparılması təhlükəsi mövcuddur. Bu ona görə baş verir ki, küçədə əsən külək daxildə olan havaya nisbətən dam örtüyünə daha az təzyiq göstərir. Ona görə də daxildəki hava tavanı xaricə sıxaraq təsir edir. Buna baxmayaraq, güclü küləklər zamanı binanın daxilində və xaricində təzyiqi bərabərləşdirmək üçün pəncərəni açmağa dəyməz. Əgər evin dam örtüyü dağılmışdırsa - qopmuşdursa, onda evin başqa sığınacaqlarında (stol altında, şkafda) gizlənmək lazımdır. Təhlükəli küləklərdən qorunmaq üçün ən təhlükəsiz yer pəncərədən aralıda olan yerlərdir - ayaqyolu, koridor və evdə qurulmuş şkaflardır;

- əgər təhlükəli hadisə artıq sovuşmuşdursa və eviniz salamat qalmışdirsa, xilas olmağa ehtiyacı olan adamlara kömək etmək üçün tədbirlər görün. Evinizdə generator vardırsa, artıq onu işə salmaq olar. Bu zaman yadda saxlamaq lazımdır ki, əgər evinizdə qaz kəməri vardırsa, onda generatoru işə salmazdan əvvəl onun saz vəziyyətdə olmasına əmin olmalısınız;

- adətən, təhlükəli küləklər dayandıqdan sonra, küçəyə çıxan zaman yenə də diqqətli olmaq lazımdır;

- qırılmış naqilə (məftilə), yellənən lövhəyə və s. yaxınlaşmamalısınız, sizə şübhəli görünən çəp dayanan dirəklərə və başqa qurğulara, tikililərə yaxın getməkdən çəkinməlisiniz;

- əgər güclü külək haqqında xəbərdarlığı küçədə ikən almısınızsa, yubanmadan küçə qapısında və ya möhkəm binada daldalanın. Şəhərlərdə bu, xüsusi olaraq təchiz edilmiş mülki müdafiə və fövqəladə hallar üçün sığınacaqlar ola bilər;

- güclü küləklər barədə xəbərdar edilməmisinizsə və ya belə xəbərdarlığı eşitməmisinizsə, onda təhlükəli külək yaxınlaşan zaman pəncərədən və başqa təhlükəli yerlərdən aralanın, həmçinin təcili olaraq suyu, qazı və elektrik cərəyanını kəsin. Qasırğa və s. təhlükəli küləklərin qurtarmasını mənzilinizdə gözləyərək özünüzün və sizinlə hal-hazırda bir yerdə olanların həyatı üçün mühüm olan bir şeyi yaddan çıxarmayın: təhlükəsiz yerə keçin və təhlükəli küləyin kəsməsini orada gözləyin. Təhlükə sovuşduqdan sonra yemək (əgər o xarab olmamışdırsa), içməli su və bu halda digər lazım ola biləcək şeyləri (fənər, şam və s.) axtarmaq lazımdır;

- yadda saxlamaq lazımdır ki, əgər mənziliniz və ya eviniz güclü zədələnmişdirsə, güclü küləkdən sonra təcili olaraq oranı, təhlükəli yer olduğuna görə, tərk etməlisiniz. Bu zaman özünüzlə sənədlərinizi və ehtiyat yemək götürməlisiniz;

- əgər güclü külək sizi kənd yerində, tarlada və ya meşədə yaxalamışdırsa, onda ildırım - şimşək zərbəsindən müdafiə tədbirlərinə əməl edin. Çürümüş və yaşlı, xüsusən də tək olan ağaclardan uzaqda dayanın. Əgər şiddətli külək sizi yolda yaxalamışdırsa, yolun kənarına enin və yamacda uzanın. Bu ən təhlükəsiz yerdir;

- siz avtomobildə olarkən təhlükəli hadisə baş vermişdirsə, onda təcili olaraq avtomobildən düşün, bütün pəncərələri bağlayın və ondan uzaqlaşaraq yolun kənarına - yamacına enin. Belə ki, külək avtomobili yoldan çıxara və ya çevirə bilər.

Xəbər lenti