Xəzər Xəbər

Cavanşir Feyziyev: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır

Gündəm | 18:15 • 16 Dekabr 2018
Cavanşir Feyziyev: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır

Bu il dünyanın müxtəlif ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib. Bu gün isə Avropa Parlamentində bu bayramı dostlarımızla birgə qeyd edirik. Güclü, sabit Azərbaycan Avropa İttifaqının (Aİ) Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır. Aİ ölkəmizin ən böyük ticarət tərəfdaşıdır.

Bu fikirləri Strasburqda Avropa Parlamentində AXC-nin 100 illiyinə həsr edilmiş tədbirdə Milli Məclisin deputatı, Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev AZƏRTAC-a müsahibəsində söyləyib.

Qeyd edib ki, müstəqilliyimizin 100 illiyinə həsr edilmiş tədbirin Avropa Parlamentində keçirilməsi təsadüf deyil. "Burada Avropanın 28 ölkəsinin deputatı var. Bu ölkələrin ictimaiyyəti tariximizi tanıyacaq. Azərbaycanın dünyada parlamentli respublika quran ilk müsəlman ölkəsi olduğunu biləcəklər. Həmçinin tədbirdə AXC-nin tarixi, ölkəmizdə 100 il əvvəl demokratiyanın təməli qoyulduğu, qadınlara səsvermə hüququ verildiyi avropalıların diqqətinə bir daha çatdırdıq”, - deyə C.Feyziyev vurğulayıb.

Bildirib ki, tədbirdə videoçarx və fotosərgi vasitəsilə tariximiz, mədəniyyətimiz, əsrarəngiz təbiətimiz haqqında məlumat verilib.

Xəbər lenti