Xəzər Xəbər

Alimlərdən Xəzərlə bağlı QORXUNC XƏBƏRDARLIQ: Dəhşətli nəticələrə...

Gündəm | 16:05 • 22 Noyabr 2018
Alimlərdən Xəzərlə bağlı QORXUNC XƏBƏRDARLIQ:

Son 3-4 ildə Xəzər dənizinin səviyyəsi sürətlə aşağı düşüb. Coğrafiya İnstitutu alimlərinin Salyan düzündə Xəzər sahili ərazilərin landşaft dinamikasını tədqiq edərkən bu qənaətə gəliblər.

Araşdırma zamanı bəlli olub ki, qeyd olunan müddətdə Salyan düzünün dəniz sahili ərazilərində relyef xüsusiyyətlərindən asılı olaraq, dəniz Züd-Ost Kultuk körfəzi sahillərində 1200-1500, bəzi sahillərdə isə 200-300 metrə qədər geri çəkilib və nəticədə geniş ərazi kontinental rejimə keçib.

Təbii ki, bu çəkilmə özü ilə yeni ekoloji problemlər gətirir. Proses bu cür davam edərsə, Xəzər və ətraf ərazilərdə ekoloji durum necə olacaq?

Publika.az aidiyyəti qurumlarla vəziyyəti araşdırmağa çalışıb.

Xəzərin suyunda artma və azalma zaman-zaman müşahidə edilən prosesdir. Alimlər bunu müxtəlif səbəblərlə izah edirlər. Qlobal iqlim dəyişmələri, Xəzərə tökülən çaylarda suyun azalması da faktorlar sırasındadır. Məsələn, son illər Xəzərin əsas su mənbəyi hesab olunan Volqa çayının suyu 300 kub-kilometrdən 200 kub-kilometrə düşüb.

Şoranlaşma, səhralaşma…

Coğrafiya İnstitutunun alimləri dənizin geri çəkilməsi ilə yeni yaranan landşaftların evolyusiyası, struktur-dinamiki xüsusiyyətləri öyrənib. Onlar iddia edir ki, son azalma zamanı dəniz altından çıxmış ərazilərdə şiddətli dərəcədə şorlaşmış tipik yarımsəhra və səhralaşmış landşaftlar əmələ gəlib.

Proses bu cür davam edərsə, Xəzər dənizinin Salyan düzündə, Qultuk və Qızılağac körfəzi sahillərində sürətlə geri çəkilməsi təbii landşaftlarda aridləşmə və səhralaşma meylini gücləndirəcək. Alimlərin qənaətinə görə, səviyyənin bir metr aşağı düşməsi belə, onun sahilindəki Qızılağac dövlət qoruğuna təsir edəcək. Qızılağac qoruğunun Böyük hövzəsi birbaşa dənizlə əlaqəlidir. Sahil yerləri quşlarla zəngindir. Suyun bir metr enməsi qoruğun sahəsinin təxminən 30-35 % azalmasına səbəb olacaq, dağlıq ərazilər də qurumağa başlayacaq. Bu da köçəri quşların həmin ərazidə qalmasına mənfi təsir edəcək. Bu proses qoruğun məhv olması deməkdir.

Suyun artıb-azalması daha çox gəmiçiliyə təsir edir. Çünki hidrotexniki qurğular tikiləndə suyun səviyyəsi - 28 metrdə hesablanır. Suyun səviyyəsi qalxanda estakada su altında qalır, əksinə, azalanda hidrotexniki qurğular sahilə yan ala bilmir.

Ekspertlərin sözlərinə görə, dənizin suyunun azalması neftin daşınmasından başlayaraq, balıqçılığa qədər müxtəlif sahələrə iqtisadi baxımdan təsirsiz ötüşməyəcək. Belə ki, səviyyənin enməsi dənizin flora və faunasına mənfi təsir göstərir. Bu zaman dənizin şelf zonasının həcmi azalır. Dolayısı ilə şelf zonasında yaşayan canlıların ərazisi daralır. Yer daraldığı üçün onların yem bazası, oksigenin miqdarı azalır. Azalma dəniz heyvanlarının qidalanmasına mənfi təsir edir, nəticədə, iqtisadiyyat zərər görür. Məlumdur ki, heyvanlar kürünü şirin, təmiz sularda tökür. Səviyyə azalanda çayın dənizə töküldüyü hissədə su iki istiqamətə ayrılır, balıqların kürütökmə problemi yaranır, bu da nəsil artımına mane olur. Su azaldıqca çirklənmə də artır, dənizin özünü təmizləmə prosesi ləng gedir.

Təsiri yoxdur…

Kənd Təsərrüfatı Nazirliyinin Abşeron Regional Aqrokimya Laboratoriyasının müdiri Rəşad Vahabzadə Publika.az-a açıqlamasına çaylarda suyun quruması ilə bağlı təsərrüfat sahiblərinin müraciətinin qeydə alınmadığını bildirdi. Onun sözlərinə görə, Xəzərdə çəkilmə ciddi problem yaradacaq qədər çox deyil.

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyevbildirir ki, Xəzərin suyunun çəkilməsi bizi bir sıra məsələlərdə diqqətli olmağa vadar edir:

"İlk növbədə suvarma sistemlərindən maksimum diqqətli istifadə etməliyik. Bununla yanaşı drenaj sistemi də olmalıdır. Dənizin suyu azalanda ətraf ərazilərdə qrunt sularının səviyyəsi aşağı düşür. Yeraltı sular Xəzərə çatmadığından yeri tala kimi qalır, nəticədə ətraf ərazilərdə şoranlaşma müşahidə edilir. Bu gün Kür-Araz ovalığında səhralaşma prosesi davam edir. Ərazidəki drenaj sistemləri düzgün istifadə edilmir”.

Bu məsələni Coğrafiya İnstitutu iki dəfə gündəmə gətiridiyini deyən direktor şoranlaşmanın, səhralaşmanın qarşısını almaq üçün aidiyyəti təşkilatlara kollektor, drenaj şəbəkələrini düzgün istifadə etməyi tövsiyə edib:

"Əks halda o drenajlardan qalxan buxarlanmanın yer səthinə yaxınlaşması təkrar şoranlaşma, bataqlıqlaşmaya səbəb olur. Hazırda bu proses davam edir. Bizim institut əməkdaşları da həmin ərazilərdə təqdiqat aparır. Bununla bağlı Koreyalı mütəxəssislərlə birlikdə araşdırma aparmaq üçün müqavilə imzalamışıq. Artıq bu ölkədən İST aparatı almışıq, mütəxəssislərimiz həmin ərazilərdən torpaq nümunələri götürüblər. Kür-Araz ovalağından Xəzərə Şirvan kollektoru vasitəsilə hər il 3-4 milyard m3 minerallaşmamış, bulanıq su Xəzərə axır”.

Su azaldıqca ekoloji vəziyyət pisləşir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti direktor müavini Əkbər Əsgərov Publika.az-a açıqlamasında Xəzərdə azalmadan narahat olmamağı məsləhət görür. Onun sözlərinə görə, Xəzər qapalı su hövzəsi olduğuna görə səviyyədə hər zaman artma və azalma müşahidə edilir.

"2005-ci ildən Xəzərin səviyyəsində enmələr qeydə alınır. Lakin son 3 ildə Xəzərin səviyyəsində stabillik müşahidə edirik. 1977-ci ildə səviyyə -29 metrə düşmüşdü, 1995-ci ildə səviyyə maksimuma qalxmışdı. Hazırda -27.67 metrdir, ortada dayanıb. -27 və -28 metr arasındakı səviyyə heç bir fəsad vermir, təhlükəsi yoxdur. Səviyyənin çox artması və azalması ətraf mühitə, canlı aləmə mənfi təsir göstərir. İndiki səviyyəni normal saymaq olar. Milli Hidrometeorologiya Departamenti olaraq daim səviyyəni ölçürük, müşahidələr aparırıq. Xəzərin Salyan bölgəsi həssas sahədir, çünki həmin ərazidə dəniz sahili meyillilik azdır. Kiçik səviyyə tərəddüdü ilə böyük bir ərazi su altında qala bilir və ya çəkilmə olur. 1977-ci ildə həmin ərazidəki hazırkı səviyyədən 1.33 metr az, 1995-ci ildə 1.17 metr çox olub. Yəni ərazi hər iki vəziyyəti görüb. Salyandan aşağı hissədə səviyyənin aşağı düşməsi və ya qalxması daha tez büruzə verir. Lakin ümumi səviyyə optimal olduğundan hazırkı durumda narahatlığa əsas yoxdur. Hazırda dənizin səviyyəsinin normaldır”.

Mütəxəssisin sözlərinə görə, dənizin səviyyəsi onu qidalandıran çaylarda iqlim dəyişikliyi ilə əlaqədar dəyişə bilər:

"Qlobal iqlim dəyişikliyi, eyni zamanda dənizi 85 faiz su ilə təmin edən Volqanın suyunun azalması da təsirli ola bilir. Dünya okenanına çıxış olmadığından səviyyə hər il artıb azala bilir”.

Ə.Əsgərov artım və azalmanın səbəb ola biləcəyi iqtisadi itkilərdən də danışıb:

"Xəzərin səviyyəsinin hansı həddə azalmasının təhlükəli ola biləcəyi ilə bağlı konkret rəqəm deyə bilmərik. Hər dəfə su azaldıqca ekoloji vəziyyət pisləşir. Çünki hər bir su hövzəsində su ilə yanaşı çirklənmə də var. Su azaldıqca çirklənmə artır. Düzdür, səviyyə -29 metrə düşəndə çox da dəhşətli hadisələr baş vermədi, lakin ondan daha aşağı həddə düşsə təhlükəli olar. 1830-cu ildən Xəzərin müşahidəsinə başlanılıb. Həmin vaxtdan Xəzərin səviyyəsinin aşağı düşməsinin dəhşətli nəticələrə səbəb olması halları müşahidə edilməyib. Bundan sonra da olması gözlənilmir.

Suyun səviyyəsinin artması da iqtisadiyyata ziyandır. 1995-ci ildə Xəzərin səviyyəsinin artması iqtisadiyyata 2 milyarda qədər ziyan vurmuşdu. Suyun azalması isə Xəzərin özünə birbaşa ziyan vurur”.

Xəbər lenti