Xəzər Xəbər

Komitədən şad xəbər: 25 min nəfərə ev veriləcək

Gündəm | 15:18 • 22 Noyabr 2018
Komitədən şad xəbər:

İlin sonuna qədər Bakı şəhəri, Qaradağ rayonu, "Ümid” qəsəbəsində 2-ci mərhələdə 300 məcburi köçkün ailəsi üçün, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yaxınlığında 810 məcburi köçkün ailəsi üçün, Sumqayıt şəhərində yataqxana binalarında məskunlaşmış 2900 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisindən ayrılmış torpaq sahəsində tikinti işləri davam etdirilir.

Bu barədə Axar.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Abşeron rayonu ərazisində aparılan işlərin birinci mərhələsində 1000 ailənin köçürülməsi nəzərdə tutulub.

Yeni qəsəbələr məktəb, uşaq bağçası, həkim məntəqəsi, klub-icma mərkəzi və digər zəruri infrastruktur obyektləri ilə təchiz olunacaq.

İlin sonuna qədər əlavə 2800 ailəyə ev və mənzillər veriləcək. Cari ilin doqquz ayında 2900 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunub. Bu il ərzində 5700 ailənin - təxminən 25 min insanın ev və mənzillərlə təmin olunması nəzərdə tutulub. Beləliklə, ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq. Bu da 53 500 ailə deməkdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2018-ci ildə bir sıra yerlərdə yeni yaşayış komplekslərinin tikintisi aparılır.

Xəbər lenti